Emin Ağalarov Azərbaycanın «Eurovision-2012» təmsilçisi Səbinə Babayevanın şansını yüksək qiymətləndirir

Emin Ağalarov Azərbaycanın «Eurovision-2012» təmsilçisi Səbinə Babayevanın şansını yüksək qiymətləndirir
# 02 aprel 2012 13:54 (UTC +04:00)
«Onun gözəl səsi və yüksək şansları var»

Bakı. Ülkər Rəşidqızı – APA. Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision-2012» mahnı müsabiqəsindən danışıb. APA-nın məlumatına görə, Emin georgiatimes-a müsahibəsində bunları deyib: “Bu gün gördüyümüz Azərbaycan təbii ki, qeyri-adidir. Çünki son 10 il ərzində dəyişikliklər özünü büruzə verib. Bakı həddindən artıq gözəl, təmiz, Avropa sayağı şəhərdir. Bunu yalnız görmək lazımdır. “Eurovision” bunun üçün çox gözəl fürsətdir”.
Müğənni-bəstəkar, Azərbaycan təmsilçisi Səbinə Babayeva haqqında da fikirlərini bildirib. Emin Azərbaycan təmsilçisi Səbinə Babayevanın 57-ci «Eurovision» mahnı müsabiqəsindəki şanslarını yüksək qiymətləndirib: «Mən onu bir neçə il öncədən tanıyıram. Xatırlayıram, onu ilk dəfə hansısa tədbirdə ifa edərkən gördüm. Hesab edirəm ki, o çox bacarıqlıdır. Onun gözəl səsi və yüksək şansları var. Düzdür, bir ölkənin iki il dalbadal qalib olması nadir haldır. Bu baş verməsə, mən Rusiyaya azarkeşlik edəcəyəm, çünki hər dəfə həm Rusiyaya, həm də Azərbaycana azarkeşlik edirəm. Əgər hər iki ölkə təmsilçisi büdrəsə, o zaman uşaqlıqdan fanatı olduğum Böyük Britaniya təmsilçisi Engelbert Hamperdinkin yanında olacağam».

Xatırladaq ki, Emin «Baku Crystal Hall»da keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsinin mayın 26-da keçiriləcək final mərhələsində qonaq müğənni qismində səhnəyə çıxacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR