Politoloq Aleksey Vlasov: “Bu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində test ili ola bilər”

Politoloq Aleksey Vlasov: “Bu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində test ili ola bilər”
# 29 iyun 2012 13:11 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. “Bu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində test ili ola bilər”. APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirdiyi mətbuat konfransında Postsovet Məkanının Tədqiqi informasiya-analitik mərkəzinin baş direktoru Aleksey Vlasov deyib.

Politoloq bildirib ki, Qərbin bu münaqişənin həllinə birbaşa maraq göstərməsi müşahidə olunmur: “Bildiyiniz kimi, bir müddət əvvəl dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz regionuna səfəri gerçəkləşib. Dövlət katibi münaqişənin həllinə dair aydın bir təklif irəli sürmədi. Vaşinqtonun regiondakı marağını nəzərə alaraq bəlkə konkret təklif irəli sürmək olardı. Gördüyümüz kimi, vasitəçilərin bu məsələ ilə bağlı ciddi problemləri var”.

Vlasov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin vacib iştirakçılarından biri olsa da, kompromisə gedəcək tərəflər yalnız Azərbaycan və Ermənistandır: “Tərəflərin mövqeləri üst-üstə düşmür, proses dalana dirənir. Problemin həlli açarı Bakı və İrəvanın əlindədir, başqa heç yerdə deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR