Azərbaycanın şimal bölgəsində hava şəraiti ilə əlaqədar tibb müəssisələrinə müraciət edənlərin sayı artıb

Azərbaycanın şimal bölgəsində hava şəraiti ilə əlaqədar tibb müəssisələrinə müraciət edənlərin sayı artıb
# 09 fevral 2012 10:40 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Azərbaycanın şimal bölgəsində kəskin hava şəraiti ilə əlaqədar tibb müəssisələrinə müraciət edənlərin sayı artıb. APA-nın şimal bürosunun məlumatına görə, son iki həftə ərzində Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə 35-40 müraciət daxil olub. Müraciət edənlər arasında uşaqlar və yaşlı nəslin nümayəndələri üstünlük təşkil edib. Onlara aşağı və yuxarı ətrafların sınığı, kəllə beyin və döş qəfəsinin travması diaqnozu qoyulub.
Xudat Şəhər Mərkəzi Xəstəxanasına isə şaxtalı hava səbəbindən xəsarət alma ilə əlaqədar 22 nəfər müraciət edib. Onların əksəriyyəti sürüşüb yıxılaraq sınıq xəsarəti alanlar olub. Bölgədə hökm sürən şaxtalı hava əhalinin bir sıra infeksion xəstəliklərə yoluxmasına səbəb olub. Şabran rayon xəstəxanasına iki həftə ərzində daha çox soyuqdəymə, qrip, yüksək temperatur və təzyiqlə bağlı müraciətlər daxil olub.
Məlumata görə, son günlər Qusar Mərkəzi rayon Xəstəxanasına şaxtalı havada xəsarət alan 3 nəfər müraciət edib. Müraciətlər əsasən, sürüşüb yıxılma ilə əlaqədar olub.
Quba Mərkəzi rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, şaxtalı havanın yaratdığı fəsadlarla əlaqədar tibb müəssisəsinə dünən axşam saatlarında bir nəfər müraciət edib. Ona donvurma diaqnozu qoyulub. Xəstəyə tibbi yardım göstərilib. Hazırda vəziyyəti kafi qiymətləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR