Mübariz Əhmədoğlu: “İran XİN-in son bəyanatı təkcə antiazərbaycançılığın deyil, savadsızlığın da bariz nümunəsidir”

Mübariz Əhmədoğlu: “İran XİN-in son bəyanatı təkcə antiazərbaycançılığın deyil, savadsızlığın da bariz nümunəsidir”
# 19 mart 2012 12:28 (UTC +04:00)
Bakı – APA. “Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov İİR XİN-ə çağırılaraq növbəti etiraz bildirilmişdir. İİR XİN-nin etirazının səbəbi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin İranın “SEPAH” təşkilatı ilə əməkdaşlıq edən 22 nəfərlik dəstəsini ifşa etməsidir. İran XİN-in istinad etdiyi arqumentlər İranın rəsmi mövqeyini kifayət qədər şübhə altına salır”. APA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyib.

M. Əhmədoğlu bildirib ki, İran XİN etirazına əsas kimi bu ifşanı Naxçıvanda Azərbaycan, Türkiyə və İran XİN rəhbərləri arasında keçirilən üçtərəfli görüşdə və Azərbaycan müdafiə naziri S.Əbiyevin Tehranda keçirdiyi görüşlər zamanı əldə etdiyi razılaşmalara zidd hesab edir: “Üçtərəfli Naxçıvan görüşünə İran XİN-in istinad etməsi nəinki qərəzlidir, hətta İranın belə zərərli praktikanı davam etdirdiyini göstərir: Azərbaycan, Türkiyə və İran üçtərəfli görüşləri başlandıqdan sonra İranla Azərbaycan arasında iqtisadi münasibətlər xeyli zəifləmiş, illik mal dövriyyəsi 500 milyon dollardan 243 milyon dollaradək azalmışdır. Bu azalmanın səbəbini yalnız İranın hesabına yazmaq olar. İki dövlət arasında siyasi münasibətlərin gərginləşməsində atılmış ilk addımlar da rəsmi Tehrana məxsusdur və rəsmi Tehran indi bu addımları daha da intensivləşdirməklə məşğuldur. Bir-birinə hədsiz yaxın iki xalq arasındakı humanitar əlaqəni rəsmi Tehran siyasi faciəyə yönəltmək kursunu götürmüşdür. Bu məsələdə dini Tehran rəsmi Tehranın yanındadırlar. İstanbul (23 dekabr 2010), Urmiya (16 aprel 2011) üçtərəfli görüşlərindən sonra İran destruktivliyinin yaratdığı neqativ dinamikanı Naxçıvan görüşü (7 mart 2012) dayandıra bilməz. İran Azərbaycan Respublikası tərəfindən irəli sürülən bütün iqtisadi təşəbbüsləri rədd edib. İran XİN-in səfirimizə etiraz bildirərkən istinad etdiyi Naxçıvan görüşünün daha bir məziyyətini rəsmi Tehranın diqqətinə çatdırmaq istəyirik. Digər iki nazirdən fərqli olaraq İran xarici işlər naziri Ə.Salehinin mətbuat konfransı zamanı verdiyi açıqlama imzaladığı sənədin mahiyyətindən fərqlənirdi. Fərqlər təkcə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair deyil, həm də regional əməkdaşlığa aid idi. Ona görə, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev demişkən, İran mövqeyini daha aydın şəkildə təqdim etsin: Ə.Salehinin mətbuat konfransı zamanı dediyi, yoxsa imzaladığı sənəddəki mövqelərindən hansının daha doğru olduğunu başa düşək? İranın Ermənistandakı səfiri sakitləşmir. O, gah dinc danışıqlardan, beynəlxalq vasitəçilikdən, dialoqdan danışır, Dağlıq Qarabağ münaqişəsi regionunun yeganə qonşusu kimi gərginlikdən ölkəsinin narahatlığını bildirir, gah da hədə gəlir. Hədənin ünvanının Azərbaycan, mənbəyinin isə erməni tərəfi olduğu görünür. Məhz S.Ə.Saqiyanın səfirliyi dövründə Azərbaycan İranın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik təklifini qəbul etdiyi halda, həmin dövr ərzində S.Ə.Saqiyan İranın Dağlıq Qarabağ məsələsində vasitəçilik, dialoq, dinc yolla tənzimləmə təşəbbüsünə rəsmi Yerevanın müsbət cavabını ala bilmədi. Bu, paradoksdur. Səfir Saqiyan bir insan, müsəlman kimi bu uğursuzluğa görə xəcalət çəkmək əvəzinə, daha artıq ermənipərəstləşir. Səfir Saqiyanın indiki fəaliyyəti Dağlıq Qarabağ münaqişəsində İranın vasitəçilik təşəbbüsünün əsl mahiyyətini üzə çıxardı. Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin Tehrana cavab səfərini MTN-nin keçirdiyi əməliyyatla bağlayanlar, əgər küt deyillərsə, bu bağlılığın müəllifinin İran olduğunu qəbul etməlidirlər.
İranın müdafiə naziri Ə.Vəhidinin Azərbaycan Respublikasına səfərindən (21 oktyabr 2011) sonra diplomatik etiketə uyğun olaraq İran tərəfi Azərbaycan müdafiə nazirini dəvət etməli idi. Təxminən dekabr aylarında İranın Müdafiə Nazirliyinin bu istiqamətdə təşəbbüsü İran XİN tərəfindən bloka alındı; ola bilər, sonradan bu dəvət bir dəfə də İranın daha yuxarılarının təşəbbüsü ilə təxirə salınıb. Azərbaycan müdafiə nazirinin dəvət edilməsi İranın maraqlarına uyğun deyildi, çünki İran Ermənistandan icazə almamışdı. Bir müddət sonra 4-5 il bundan qabaq imzalanmış müqavilə üzrə silah alınması məsələsi İngiltərə mətbuatında İranın təşkilatçılığı ilə üzə çıxan kimi rəsmi Tehranın bu dezinformasiyanın təşkilində iştirak etməyən qolu ilə Azərbaycan müdafiə nazirini Tehrana dəvət etdi. Deməliyik ki, maraq xatirinə də olsa, sanballı proqram tərtib etmişdilər. Naxçıvan görüşü 2011-ci ilin oktyabrında keçirilməli idi. Azərbaycan Respublikası tərəfindən asılı olmayan səbəblərdən Naxçıvan görüşü 2011-ci ilin oktyabrında baş tutmadı, dekabr ayına təxirə salındı. Həmçinin 2011-ci ilin dekabr ayında üçtərəfli Naxçıvan görüşünün baş tutmamasında Azərbaycanın günahı yox idi. Həmin dövrdə İran prezidentinə yaxın antiazərbaycan mətbu orqanları İranın üçtərəfli Naxçıvan görüşündə iştirakda maraqlı olmadığını yayımlayırdılar. Adıçəkilən mətbu orqanlarının yayımladıqlarından bəlli olur ki, İran Naxçıvan görüşündə maraqlı deyildi, bu görüşdə Türkiyənin məcbur etməsindən sonra iştirak etmişdir. Üçtərəfli Naxçıvan görüşünü təxirə salınması və Azərbaycan müdafiə nazirinin İrana səfərinin süni maneələrlə yubadılması eyni dövrə düşdü. “SEPAH” casuslarının MTN tərəfindən müəyyənləşməsi prosesi üçün zaman parametri məhz bu qeyri-müəyyənliklər dövründə axtarılmalıdır. Naxçıvandakı üçtərəfli görüş və ya Azərbaycan Respublikası müdafiə nazirinin Tehrana səfəri ilə bir ərəfədə MTN-in apardığı bir neçə aylıq əməliyyatın nəticələri görünməyə başladı. Ona görə İranın belə arqumentasiyası sadəcə gülüş doğurur. Əgər bunların arasında əlaqə varsa da, bu əlaqə İran rəsmilərinin yaratdığı əlaqədir, çünki Naxçıvandakı üçtərəfli görüşün və Azərbaycan Respublikası müdafiə naziri S.Əbiyevin Tehrana səfərinin məhz indiki tarixlərə düşməsini İran tərəfi müəyyən etmişdir. Fevralın sonuncu on günlüyündə MTN apardığı əməliyyatların bir qismi barədə məlumat yaydı. Eləcə də az keçmiş MTN 2009-cu ildə “Hizbullah” və “SEPAH” üzvlərinin Azərbaycan Respublikasında casusluq fəaliyyəti ilə bağlı hazırladığı video süjetini iki-üç il yubatmaqla təqdim etdi. Azərbaycan ictimaiyyəti bilməsə də İranın xüsusi xidmət orqanları bilirdilər ki, irəlidə hansı addım atılacaq. Ona görə də məhz diskreditasiya etmək üçün Naxçıvandakı üçtərəfli görüşü və S.Əbiyevin Tehrana səfərini yubadaraq indiki vaxta saldı. Yəqin ki, məhz bu parametrə görə də MTN növbəti açıqlamasını həmin görüşlərdən sonraya saxladı. Naxçıvan görüşünün də, S.Əbiyevin Tehrana səfərinin də nəticələri yaydığı açıqlamayadək MTN-ə bəlli idi. Ona görə MTN nə etdiyini çox gözəl bilir. MTN-in son bəyanatı ilə diqqətlə tanış olanlar başa düşüblər ki, yaxın vaxtlarda yenindən belə ifşa faktları ictimaiyyətə yayımlanacaqdır. İranın da xüsusi xidmət orqanları hansı casuslarının MTN tərəfindən tutulduğunu və təhqiqat mövzusunun nə olduğunu gözəl bilirlər. Azərbaycan Respublikası səfirinin İran XİN-ə çağırıldıqdan dərhal sonra İranın Ermənistandakı səfirinin Dağlıq Qarabağ münaqişəsi kontekstində ermənipərəst, Azərbaycana hədələyici bəyanat verməsinə biz məhz bu kontekstdən yanaşırıq. İranın real gücü və bu gücün Azərbaycan Respublikasının real və hərbi gücündən qat-qat artıq olduğu bizə bəllidir. İran ordusundakı qüsurlarla bağlı bildiklərimizi “unudur”, bu ordunu qüsursuz ordu kimi qəbul edirik. İranın belə gücünü belə tanıya-tanıya İranın rəhbərlərinə Allahın yoluna qayıtmağı tövsiyə edirik. Allahın əmriylə çox haqsız, zalım güclülər haqlı zəifin əlində can verib. Lakin bizim İrana qarşı dediklərimiz dini ehkama söykənmir, çünki İran islam dinini çoxdan əlində alətə çevirib. Seyid Əli Saqiyanın timsalında dinimiz hətta özgə dindən olan dövlətlərin əlində alətə çevrilib. İranın rəsmilərinin yadına tarixdən Vəzir Muxtarı və Xacə Yaqubu salmaq istəyirəm. Saqiyan İran rəhbərliyinin agahlığı və razılığı ilə həmin proseslərin tam içindədir. Ruslara qarşı talış məsələsi və digər məsələlərdən istifadə də zərrə qədər diqqətimizdən yayınmayıb. Rəsmi Tehranın Rəsmi Bakıdan üzr istəməsi onun özünün xeyrinədir. Əks təqdirdə Vəzir Muxtarla Xacə Yaqubun oyununa lazımi yönümlər verməklə Azərbaycan Respublikası uduzan deyil, udan tərəfdə olması istiqamətində fəaliyyət göstərə bilər. Bu, bizim böyük resursumuzdur. Eyni zamanda bu resursu reallaşdırmağa başlayarkən kənardan təklif olunan resurslardan imtina etməyəcəyik, çünki İranın siyasətini anlama metodologiyası cəmi bir cürdür və bu, Azərbaycan Respublikasında, RF-də, ABŞ-da, Türkiyədə və sair ölkələrdə eynidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR