Avropa Parlamenti Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqlara dair qətnamə qəbul edib

Avropa Parlamenti Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqlara dair qətnamə qəbul edib
# 18 aprel 2012 15:43 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, səsvermədə 520 deputat qətnamənin lehinə, 32 deputat əleyhinə səs verib, 24 deputat isə bitərəf qalıb. Avropa Parlamentinin bugünkü plenar iclasında Ermənistanla assosiativ saziş üzrə danışıqların gedişinə dair də qətnamə qəbul olunub.

Qətnamədə AB-nin Azərbaycan və Ermənistanın suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşdığı, həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz regionun stabilliyini və inkişafına maneə törətdiyi qeyd olunur, AB münaqişənin həllində daha aktiv rol oynamasına çağırılır.

Qətnamədə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçkünlərin dərhal öz yurd-yuvalarına qayıtmasının vacibliyi vurğulanır.

Qətnamədə o da bildirilir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzv seçilməsi AB ilə Azərbaycan arasında məsləhətləşmələr aparmaq üçün yaxşı fürsətdir.

Qeyd edək ki, hər iki ölkə üzrə müzakirələr parlamentin dünənki plenar iclasında keçirilib.

Bu gün səsvermə ərəfəsində keçirilən müzakirələrdə avropalı deputatlar Azərbaycan və Ermənistanla Avropa Birliyi arasında assosiativ saziş üzrə aparılan danışıqların regiondakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün çox əlverişli olacağına ümidvar olduqlarını bir daha qeyd ediblər. AP üzvlərinin fikrincə, bu saziş hər iki ölkədə insan hüquqları və demokratik islahatlar sahəsindəki vəziyyəti daha da yaxşılaşdıra, bu prosesdə Avropa Birliyinin rolunu daha da artıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR