Macarıstan vətəndaşı Rüstəm Əmirov macar dilində Ramil Səfərova həsr olunmuş şeir yazıb

Macarıstan vətəndaşı Rüstəm Əmirov macar dilində Ramil Səfərova həsr olunmuş şeir yazıb
# 10 fevral 2012 11:18 (UTC +04:00)
Bakı – APA. Macarıstan paytaxtındakı Eötvöş Lorand Universitetinin macar filologiyası fakültəsinin dördüncü kurs tələbəsi Rüstəm Əmirov bu ölkədə ömürlük həbs cəzasına məhkum olunmuş azərbaycanlı zabit Ramil Səfərova həsr edilmiş macar dilində şeir yazıb. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən xəbərə görə, R. Əmirov 1990-cı ildə Budapeştdə doğulub. Atası Ramiz Əmirov əslən Ağdam rayonundadır. Keçmiş sovet ordusu sıralarında hərbi xidmətini Macarıstanda keçirib. Sonradan bu ölkəyə qayıdaraq macar qızı ilə ailə qurub.

Ailənin böyük oğlu Rüstəm 12 yaşından etibarən şer yazır. Ötən il onun “Hersoqun qəsri” adlı ilk şerlər kitabı işıq üzü görüb. Gənc müəllifin poetik yaradıcılığının əsas leytmotivini uşaq dünyasının təsviri, təbiət şerləri, habelə tarixi mövzuların işıqlandırılması təşkil edir.

Hazırda səfir Vilayət Quliyevin tövsiyəsi ilə Rüstəm Azərbaycan ədəbiyyatını orijinaldan macar dilinə çevirmək məqsədilə Azərbaycan dilini daha dərindən öyrənir. Bu məqsədlə o, Azərbaycandakı humanitar istiqamətli ali məktəblərin birində xüsusi ixtisas kursu keçmək niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR