Kolumbiya neft hasilatında Azərbaycanın təcrübəsindən istifadə edəcək

Kolumbiya neft hasilatında Azərbaycanın təcrübəsindən istifadə edəcək
# 03 iyul 2012 14:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Sənaye və Energetika Nazirliyində nazir Natiq Əliyev Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədri xanım Alexandra Moreno Pirakivenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycanla Kolumbiya arasında bütün sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Kolumbiya tərəfi bildirib ki, burda da Azərbaycan kimi ildə 1 mln. barel neft hasil edilir. Amma Kolumbiyanın əhalisinin 47 mln. nəfər olduğunu nəzərə alanda, bu hasilat Kolumbiyanın ehtiyaclarını təmin etmir.

A.M.Pirakive bildirib ki, Kolumbiya tərəfi neft hasilatını artırmaqdan ötrü Azərbaycanın malik olduğu yeni texnologiyaları öyrənməkdə və onun tətbiq edilməsi üçün Azərbaycanın təcrübəsini mənimsəməkdə maraqlıdır. Kolumbiya bu sahədə Azərbaycana əməkdaşlıq təklif edib. Cavabında nazir Natiq Əliyev Azərbaycanın Kolumbiyaya dəstək olacağını bildirib.

Eyni zamanda görüşdə qeyd olunub ki, bu ilin sonunadək Kolumbiyada Qaz Forumu keçiriləcək. Nümayəndə heyətinin rəhbəri N.Əliyevi bu forumda iştirak etməyə dəvət edib və təklif müsbət qarşılanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR