Cəlil Cəfərov: “Belə mötəbər yarışda gümüş medal qazanmaq da böyük nəticədir”

Cəlil Cəfərov: “Belə mötəbər yarışda gümüş medal qazanmaq da böyük nəticədir”
# 22 oktyabr 2012 07:55 (UTC +04:00)
Bakı – APA. “Bu dəfə dünya çempionu ola bilmədik. Ancaq belə mötəbər yarışda gümüş medal qazanmaq da böyük bir nəticədi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rabitə”nin prezidenti Cəlil Cəfərov deyib.

Cəfərov Bakı təmsilçisinin Qətərdə başa çatan klublararası dünya çempionatındakı çıxışına münasibət bildirib.

2 dəfə finalda oynamaqla mundialda tarix yazan komandanın prezidentinin sözlərinə görə, nəticədən narazı qalsalar da, Olimpiya çempionlarına qarşı çıxış etmələri də nəzərə alınmalıdır: “Mundialı analiz etdikdə, mütəxəssislər də bunu təkrarən söylədilər ki, hələ dünya çempionatı tarixində heç bir komanda 2 dəfə finala çıxmayıb. Bunu ilk dəfə “Rabitə” edə bildi. Düzdür, nəticədən narazıyıq. Buna baxmayaraq, nəzərə almalıyıq ki, finalda Braziliya millisinin əsasını təşkil edən kluba qarşı oynadıq.

Onlar London Olimpiadasında da birgə oynadıqlarından və çempion olduqlarından təbii ki, “Rabitə” üçün çətin idi. Çünki biz ötən illə müqayisədə bir çox oyunçularımızı dəyişmişik. Yeni tərkibdə komanda yaratmışıq. Klubumuzun bu heyətlə gözəl gələcəyi var. Mən buna inanıram. Lakin çox gərgin işləmək lazımdır. Bunun üçün bugünkü gündə Braziliya millisinə qarşı oynamaq həqiqətən çətin idi”.

Cəfərov “Rabitə”nin Çempionlar Liqasındakı məqsədlərini də açıqlayıb.

O bildirib ki, qitənin ən möhtəşəm klub yarışmasında və yeni mövsümdə iştirak edəcəkləri turnirlərdə komandanın hədəfi yalnız çempionluqdur: “Bütün oyunlara biz qələbə üçün çıxırıq. Məqsədimiz Çempionlar Liqasının qalibi olmaqdır. Düzdür, idmandır, hər bir şey ola bilər və bunu gələcək göstərəcək. Lakin biz bu istiqamətdə işləyirik və hər yarışda birinci olmağı qarşımıza məqsəd qoymuşuq”.

Qeyd edək ki, dünya çempionatının finalında “Sollis Nestle”yə uduzan “Rabitə” Çempionlar Liqasında ilk oyununa oktyabrın 24-də çıxacaq. Komandamız Çexiyada “Agel”i sınağa çəkəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR