Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ATƏT sədrinin şəxsi nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ATƏT sədrinin şəxsi nümayəndələri ilə görüş keçirilib
# 11 oktyabr 2012 10:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Adil Axmetov (Adil Akhmetov), anti-semitizmlə mübarizə üzrə şəxsi nümayəndəsi Rabbi Andryu Beyker (Rabbi Andrev Baker), irqçilik, ksenofobiya və diskriminasiya ilə, həmçinin xristianlara və digər dinlərin üzvlərinə qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Katrin MakQineslə (Catherine McGuinness) görüş keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Nazirlik İKT-nın inkişaf etdirilməsinə məsul olan qurumdur. Bundan irəli gələrək Nazirlik ölkədə telekommunikasiya, informasiya texnologiyaları və poçt sahəsinin inkişaf etdirilməsi missiyasını daşıyır. Nazir müavini əlavə edib ki, internetin inkişaf etdirilməsi də RİTN-in əsas hədəflərindən biridir.

Görüş zamanı A.Axmetov internetdə dini təbliğatların aparılması və bu istiqamətdə Azərbaycanın hansı addımlar atdığı ilə maraqlanıb.

Öz növbəsində nazir müavini E.Vəlizadə bildirib ki, Azərbaycanda bu halların həyata keçirilməsi ölkənin qanunvericiliyi çərçivəsində baş verir. Çünki internetin bir vasitə olduğunu qonaqların diqqətinə çatdıran nazir müavini deyib ki, Azərbaycan kompüter cinayətkarlığının qarşısını almaq üçün kibercinayətkarlığa qarşı konvensiyaya qoşulub: «Bu konvensiyadan irəli gələn məsələlərin həyata keçirilməsi üçün nazirliyimiz əlaqələndirici qurum funksiyasını yerinə yetirir».

Daha sonra A.Akhmetov internetdə «Müsəlmanların məsumluğu» filminin fraqmentlərinin yayılması və bunun nəticəsi olaraq bir sıra müsəlman dövlətlərində iğtişaşların yaranmasına diqqət çəkib.

E.Vəlizadə bildirib ki, sözügedən materialların internetdə yayılması dünyada dinlərarası qarşıdurma yarada biləcək məsələlərdir. Bu cür hallara qarşı sosial şəbəkələrdə, forumlarda fikirlərin səsləndirildiyini vurğulayan nazir müavini onu da əlavə edib ki, karikaturaların yayılması və dini dəyərlərin aşağılanması məqbul sayıla bilməz: «Müxtəlif saytlar yayılan materiallara daha diqqətli yanaşmalıdır. Çünki onlara nəzarət etmək kimi imkanlar yoxdur. Hesab edirəm ki, belə hallara qarşı beynəlxalq təşkilatlar özləri addımlar ataraq qarşıdurmalara səbəb ola biləcək məsələlərin aradan qaldırılmasına çalışmalıdır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR