Gürcüstan prezidenti xaricdə çalışan səfirlərə gürcü şərabını tanıtmağı tapşırıb

Gürcüstan prezidenti xaricdə çalışan səfirlərə gürcü şərabını tanıtmağı tapşırıb
# 06 sentyabr 2012 01:09 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan prezidenti xaricdə çalışan diplomatik nümayəndəliklərə gürcü şərabını tanıtmağı tapşırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, xaricdə Gürcüstanı təmsil edən səfirlərlə görüşündə gürcü şərabını reklam etmək tapşırığını verən ölkə prezidenti sentyabrın 5-də Kvarelidəki yeni şərab zavodunda olub.
Prezident sakinlərlə söhbət zamanı “Rtveli” sortlu üzüm ilə maraqlanıb.

“Bu gün mən xaricdə çalışan səfirlərə tapşırdım ki, gürcü şərabının satışını təşkil etsinlər. Çünki insanlar bizim şərabın dadını bilən kimi üzüm də bahalaşacaq. İndi mənim məqsədim odur ki, 3-4 il ərzində üzümün bir kiloqramının qiyməti 2 lari (1 dollar 20 sent) olsun. Biz də bunun şahidi olacağıq. Lakin bunun üçün biz reklama çox pul qoymalıyıq. İndi biz
Vaşinqtonda gürcü şərabı olan bar açırıq. Ölkəmizə gələn hər bir turistə biz kiçik butulkada şərab verəcəyik ki, bizim şərabımız haqqında bütün dünyaya məlumat yayılsın. Bundan sonra biz qiyməti qaldıracağıq,” Mixail Saakaşvili bildirib.

Onun sözlərinə görə, gələn ildən Gürcüstanda beş yeni şərab zavodu fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Rusiya bazarında 2006-cı ilin mart ayından Gürcüstanda istehsal olunan şəraba embarqo qoyulub. Gürcü şərabına Rusiya embarqo qoyduqdan sonra Gürcüstan prezidenti Rusiyaya bu qərara görə minnətdarlığını bildirib. Çünki embarqodan sonra gürcü şərabının keyfiyyəti daha da yüksəlib və Gürcüstan dünya standartlarına uyğun məhsul istehsal etməyə başlayıb. Məlumata görə, artıq gürcü şərabı ABŞ, Çin, Almaniya, Hollandiya və Baltikyanı ölkələrdə satışa çıxarılıb. Keçən il gürcü şərabının satışından 39, 3 milyon dollar gəlir əldə edilib. Hər il gürcü şərabının xarici bazara ixracı 15% artır.

Qeyd edək ki, Gürcüstanda bir çox şərab növləri istehsal olunur. O cümlədən Kindzmarauli, Xvançxara, Tsinandali, Gurcaani, “Şato Muxraani” və digər şərab növləri təkcə Rusiyada deyil, eləcə də dünyada məşhur idi.

Hal-hazırda Gürcüstanda soydaşlarımızın yaşadığı bölgələrdə də müxtəlif növlü üzüm sortları yetişdirilib ölkənin şərab zavodlarına təhvil verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR