FİFA Azərbaycan-Fələstin matçının nəticəsini nəzərə almadı

FİFA Azərbaycan-Fələstin matçının nəticəsini nəzərə almadı
# 01 mart 2012 08:18 (UTC +04:00)
Apasport.az saytının xəbərinə görə, buna səbəb millimizin Fələstinlə yoldaşlıq görüşünün hakimlərinin müəmmalı şəkildə dəyişdirilməsi olub.

Belə ki, Birləşmiş Ərəb Əmirlikləri Futbol Federasiyası öncədən FİFA və AFFA-ya göndərdiyi rəsmi məlumatda matçın baş hakimi kimi Əli Həmadın (Birləşmiş Ərəb Əmirlikləri) adını göstərmişdi. Amma hakimin qərarlarından şübhələnən AFFA rəsmiləri fasilə zamanı oyunu başqa hakimin idarə etdiyini müəyyənləşdirib. Məlum olub ki, görüşü Əli Həmad yox, Əli Zarouni Mohammed idarə edir.

AFFA rəhbərliyinin müraciətindən sonra FİFA da bu qarşılaşmanın nəticəsini şübhə altına alıb. Bəzi iddialara görə, bukmeker kontorlarında Fələstinin qələbəsi üçün yüksək əmsal qoyulduğundan, hakim də “danışıqlar”a gedib.

Maraqlıdır ki, artıq FİFA-nın rəsmi saytı da milli komandamızın Dubay hazırlığı çərçivəsində 3 yox, 2 oyun keçirdiyini yazıb. 0:2 hesabı ilə uduzduğumuz matçın nəticəsinin ləğv olunacağı isə istisna edilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR