Emoməli Rəhmon: “Azərbaycanla əlaqələrin inkişafı Tacikistanın xarici siyasətinin prioritet istiqamətlərindəndir”

Emoməli Rəhmon: “Azərbaycanla əlaqələrin inkişafı Tacikistanın xarici siyasətinin prioritet istiqamətlərindəndir”
# 11 iyul 2012 20:25 (UTC +04:00)
APA-nın məlumatına görə, parlamentlə tanışlıqdan sonra Tacikistan prezidenti Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

O. Əsədov Azərbaycan-Tacikistan münasibətlərindən danışaraq əlaqələrimizin dərin tarixi kökləri olduğunu bildirib, deyib ki, ölkələr müstəqilliyini bərpa etdikdən sonra əlaqələr yeni müstəvidə inkişaf edib: “Münasibətlərimizin yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolu böyükdür. Hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri zamanı 20-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb. Bu sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıb”.

Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayan O. Əsədov hər iki ölkənin qanunverici orqanındakı dostluq qruplarının fəaliyyətindən razılığını bildirib. Beynəlxalq qurumlarda birgə əməkdaşlığın səmərəsindən, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin sədri Azərbaycanın haqq işini müdafiə etdiyinə görə Tacikistan tərəfinə təşəkkürünü çatdırıb.

Öz növbəsində, E. Rəhmon deyib ki, Azərbaycanla əlaqələrin inkişafı Tacikistanın xarici siyasətinin prioritet istiqamətlərindəndir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişaf yolu keçib. Mən sonuncu dəfə Bakıda 5 il əvvəl olmuşam. Ötən müddət ərzində Bakı əsaslı şəkildə dəyişib və gözəlləşib”.

İkitərəfli əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan danışan prezident Tacikistanın Azərbaycanın təcrübəsini öyrənməsinə böyük ehtiyac olduğunu qeyd edib: “Əminəm ki, bu səfər əməkdaşlığımızı daha da inkişaf etdirəcək. Təqdirəlayiq haldır ki, Bakı ilə Düşənbə arasında birbaşa aviareys açılıb. İnanırıq ki, yeni aviareys ölkələrimiz arasında iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlığın inkişafına, yeni layihələrin reallaşdırılmasına geniş imkanlar açacaq”.

Tacikistan prezidenti iqtisadi əlaqələrin inkişafına, qarşılıqlı sərmayə qoyuluşuna, ticarət dövriyyəsinin artmasına şərait yaradan 500-dən çox investisiya layihəsinin mövcudluğunu bildirib və hər iki ölkənin iş adamları üçün biznes forumların, “dəyirmi masa”ların keçirilməsinin əhəmiyyətini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR