Rusiya XİN rəhbəri: “Biz Suriya hökumətinə silah göndərməmişik və göndərmirik”

Rusiya XİN rəhbəri: “Biz Suriya hökumətinə silah göndərməmişik və göndərmirik”
# 09 iyun 2012 16:53 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Rusiyanın Suriya ilə bağlı konfliktin həllində mövqeyi dəyişməyib”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib. S. Lavrov deyib ki, Rusiyanın Suriya konfliktindəki mövqeyinin dəyişməsi ilə bağlı səslənən fikirlər əsassızdır: “Bu çox təhlükəli oyundur. Rusiyaya kimlərin bu oyunu oynadığı məlumdur. Münaqişənin həllini nizamlayan Annan planını pozmağa cəhd edən çox böyük qüvvələr var. Bu qüvvələrin arxasında kimlərin dayandığı bizə məlumdur. Məlumdur ki, bu qüvvələr niyə Suriyada, o cümlədən regionda sabitliyin bərqərar olmasını istəmirlər. Həmin qüvvələr Suriyanı İslam dünyasının döyüş poliqonuna çevirmək istəyirlər. Çünki Suriyadakı konflikt regionda şiə-sünni müharibəsinə gətirib çıxaracaq”.

Sergey Lavrov Rusiyanın buna imkan verməyəcəyini söyləyib: “Biz Suriyadakı rejimi dəstəkləmirik. Biz beynəlxalq hüququ və İslam dünyasının stabilliyini dəstəkləyirik”.

Nazir Rusiyanın Suriya rejimini silahla təmin etməsi ilə bağlı fikirlərə də münasibət bildirib: “İnformasiya var ki, Rusiya Bəşər Əsəd rejimini silahla və maddi vəsaitlə təmin edir. Guya həmin silahlarla Suriya rejimi dinc əhalini qırır. Bu informasiyaların hamısı yalandır. Biz Suriya hökumətinə silah göndərməmişik və göndərmirik. Bir müddət əvvəl iki ölkə arasında bağlanmış müqaviləyə əsasən Suriyaya Hava Hücumundan Müdafiə sistemləri satmışıq. Bunlardan başqa heç nə göndərilməyib. Əksinə, Qərb qüvvələri Suriya Azad Ordusunu həm silahla, həm də maddi vəsaitlə təmin edir. Hətta İstanbulda keçirilən Suriya İş adamlarının konfransında Suriya Azad Ordusuna maddi dəstəklə bağlı fondun yaradılması təklifi irəli sürülüb”.

S. Lavrov Suriyada Yəmən ssenarisinin təkrarlanmasının əleyhinə olmadıqlarını söyləyib: “Yəməndə baş verənlərlə Suriyada baş verənlər eyni deyil. Yəmən prezidenti istefa verdi. Bu istefa müxalifətlə mövcud rejimin danışıqlarından sonra baş verdi. Suriyada da belə olsa, biz buna dəstək verərik. Amma Suriyada xarici qüvvələr hazırkı rejimlə müxalifətin bir masa ətrafında görüşməsinə mane olur. Xarici oyunçular istəmirlər ki, Suriya hökuməti ilə müxalifəti arasında dialoq mühiti yaradılsın. Biz Moskvada Suriya ilə bağlı konfransı bu məqsədlə keçiririk. Məqsəd tərəflər arasında dialoqu təmin etməkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR