Lənkəranda məscidin qarşısında kütləvi dava təşkil etməkdə təqsirləndirilən dəstə üzvlərinin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

Lənkəranda məscidin qarşısında kütləvi dava təşkil etməkdə təqsirləndirilən dəstə üzvlərinin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb
# 06 mart 2012 09:05 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Şirvan Apellyasiya Məhkəməsində Lənkəranda məscidin qarşısında kütləvi dava təşkil etməkdə və qəsdən adam öldürmədə təqsirləndirilən dəstə üzvlərinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib. Belə ki, Nəzər Sadıqovun cəzası 13 ildən 6 ilə, Mirsədi Miriyevin cəzası isə 2 ilə endirilib. Digər təqsirləndirilən şəxslər barəsində hökm isə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Lənkəran şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəzər Sadıqov 13 il, Elvin Mirzəyev 13 il, Həsən Adəmzadə 11 il 6 ay, Arif Feyzullayevin 4 il 6 ay, Mirsədi Miriyev 4 il, Orxan Dəyyazov 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə Məlikağa Məlikli və Sadiq Həsənovun barəsində isə 3 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası təyin edib.

Xatırladaq ki, məlum hadisə ötən il sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinin qarşısına toplaşmış yerli sakinlərə “Vinçester” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

Təqsirləndirilən şəxslər verdikləri ifadədə özlərini elan olunmuş ittiham üzrə təqsirli bildiklərini deyiblər. Onlar hadisənin təsadüf nəticəsində baş verdiyini bildiriblər.
Təqsirləndirilən şəxslər ifadələrində göstəriblər ki, hadisə yerinə Qumbaşıdan olan bir neçə nəfərlə aralarında olan münaqişəyə aydınlıq gətirmək üçün gəliblər. Lakin zərərçəkmiş şəxslərin məsələyə müdaxiləsi hadisənin baş verməsinə səbəb olub. Münaqişəyə səbəb kimi isə Qumbaşıdan olan bir neçə şəxsin təqsirləndirilən şəxslərin yaşadıqları ərazidə avtomobili yüksək sürətlə sürməsi və dava salmaları göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR