Marneuli şəhərinin inkişaf layihəsini italiyalı arxitektorlar həyata keçirir

Marneuli şəhərinin inkişaf layihəsini italiyalı arxitektorlar həyata keçirir
# 03 mart 2012 08:48 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. “Son bir neçə ildə Marneulinin infrastrukturu inkişaf edir. Şəhərin inkişaf layihəsini italiyalı arxitektorlar həyata keçirir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Marneuli Rayon İcra Hakimiyyəti başçısı Zaza Dekonoidze deyib.
Onun sözlərinə görə, bu yaxınlarda Gürcüstan prezidenti Mixail Saakaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfəri zamanı şəhərin arxitekturasından razı qalıb: “Gürcüstana Azərbaycandan və Ermənistandan gələn turistlər Marneulidən keçirlər. Bu şəhər Azərbaycan və Ermənistanın sərhədində yerləşir. Son vaxtlar şəhərdə bir sıra yeni tikililər istifadəyə verilib, müxtəlif infrastruktur layihələr bu il də davam etdirilir. Marneulidə “Ədliyyə Evi”, ARDNŞ-ın maliyyə dəstəyi ilə “McDonalds” restoranı, “Çay Evi” və yaxud “Azərbaycan-Gürcüstan Dostluq Evi”nin tikintisi sürətlə aparılır. Bu tikintilərdə yerli sakinlər çalışırlar”.
Şəhərdə yeni parkların salınmasına da ciddi fikir verdiklərini deyən icra başçısı qeyd edib ki, yaxın aylarda istifadəyə veriləcək parklarda gənclərin istifadəsi üçün pulsuz “Wi-Fi” internet də fəaliyyət göstərəcək: “Bu ilin may ayının sonunda Marneuli şəhərində içməli su problemi tamamilə başa çatacaq. Bu layihə üçün 6 milyon lari vəsait ayrılıb. Nəhayət, şəhər sakinləri 24 saat ərzində keyfiyyətli içməli su ilə təmin olunacaqlar”.
Z.Dekonoidzenin dediyinə görə, Marneuli rayonunda artıq 50 kənd qazlaşdırılıb: “2013-cü ildə Marneuli ərazisinin 80-90 faizi qazlaşdırılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR