Siyavuş Novruzov: “Parlamentin 56 faizini təşkil edən partiya ilə parlamentin heç 0,1 faizini təmsil etməyən partiyanın eyni məbləğdə vəsait alması ədalətsizlik olar”

Siyavuş Novruzov: “Parlamentin 56 faizini təşkil edən partiya ilə parlamentin heç 0,1 faizini təmsil etməyən partiyanın eyni məbləğdə vəsait alması ədalətsizlik olar”
# 12 aprel 2012 10:06 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Yeni Azərbaycan Partiyası “Siyasi partiyalar haqqında” qanunla bağlı kifayət qədər təkliflərlə çıxış edib, Milli Məclisdə müzakirələr zamanı təkliflərimizi bir daha səsləndirəcəyik”. APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində partiya icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, YAP qanunda partiya yaratmaq üçün seçicilərin 0,1 faizinin imzasının tələb olunmasını təklif edir: “Bu, çox cüzi göstəricidir. Əgər partiya ayrı-ayrı seçkili orqanlara namizəd irəli sürürsə, məsələn, prezidentliyə, parlamentə, bələdiyyələrə namizəd təqdim edirsə və 0,1 faiz seçici etimadı qazana bilmirsə, onun adı necə siyasi partiya ola bilər? İkinci tərəfdən, indiki vəziyyət davam etsə, məhəlli partiyalar yarana bilər. Yəni istənilən şəhərdə və ya kənddə min nəfər seçici imzası toplayaraq Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib siyasi partiya yaratmaq mümkündür. Amma o, faktiki respublika əhəmiyyətli partiya olmur, sadəcə, bu statusda çıxış etmək hüququna malikdir”.

S. Novruzov partiyaların maliyyələşməsi məsələsindən də danışıb: “Dövlət büdcəsindən siyasi partiyalara vəsait ayrılması dünya praktikasında mövcud olan bir neçə prinsip əsasında aparılır. Qanuna təklif olunan dəyişikliklərdə isə bu prinsip müəyyən dərəcədə YAP-ın hüquqlarının pozulmasından keçir. Belə ki, vəsaitin 10 faizinin parlament seçkilərində 3 faizlik baryeri keçən, amma parlamentdə təmsil olunmayan partiyalara verilməsi nəzərdə tutulur. Əslində, burada prinsip ondan ibarət olmalıdır ki, son seçkilərdə parlamentə düşüb-düşməməsindən asılı olmayaraq seçicilərin 3 faizinin səsini toplayan partiyalara vəsaitin 10 faizi verilsin. İkinci hissə 40 faiz həcmində təklif edilir ki, bu da vəsaitin parlamentdə təmsil olunan partiyalar arasında bərabər şəkildə bölünməsini özündə ehtiva edir. Hesab edirəm ki, bu yanaşma da düzgün deyil. Çünki bu gün parlamentdə YAP-ın 71 təmsilçisi var. Digər 11 partiya isə ümumilikdə 13 nəfərlə təmsil olunur. Necə ədalətli ola bilər ki, ümumi parlament üzvlərinin 56 faizini təşkil edən partiya ilə parlamentin heç 0,1 faizini təmsil etməyən partiya eyni məbləğdə vəsait alsın. 50 faizlik bölgü mandatların sayına görədir və bu, düzgündür. Ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşmə siyasi partiyaların formalaşmasına və inkişafına böyük təkan verəcək. Digər tərəfdən, dövlət büdcəsindən maliyyələşmə partiyaların xarici dövlətlərdən, xarici vətəndaşlardan, vətəndaşlığı olmayan şəxslərdən, o cümlədən müəyyən terror təşkilatlarından, kəşfiyyat orqanlarından alınacaq vəsaitlərin qarşısının alınması üçün də bir addımdır. O partiyalar belə bir yeniliyə etiraz edirlər ki, onlar həmin dairələrdən maliyyələşir”.

YAP funksioneri Venesiya Komissiyasının qanuna ediləcək dəyişikliklərlə balı təkliflərinə də münasibət açıqlayıb: “Bu təşkilatın sözügedən qanunvericiliklə əlaqədar cəmi iki təklifi var. Venesiya Komissiyası təklif edir ki, xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan insanlar Azərbaycanda siyasi partiya yarada bilsin. Dünyanın heç bir yerində belə bir məsələ yoxdur. Burada yalnız İsrail istisna təşkil edir. Bu dövlət elan edib ki, bütün dünyada yaşayan yəhudilər İsrail vətəndaşı hesab olunur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR