Bakıda «Elektron hökumət üzrə yaxşı təcrübələr» mövzusunda seminar keçirilib

Bakıda «Elektron hökumət üzrə yaxşı təcrübələr» mövzusunda seminar keçirilib
# 26 aprel 2012 15:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində «Elektron hökumət («e-hökumət») üzrə yaxşı təcrübələr» mövzusunda seminar keçirilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycan üçün «e-hökumət»in formalaşdırılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, son illər ərzində Azərbaycanda bu istiqamətdə ardıcıl və kompleks işlər həyata keçirilir: «Bizim beynəlxalq təcrübə ilə tanışlığımız ölkədə aparılan fəaliyyətin səmərəliliyinin daha da artırılmasına xidmət edir».

«Azərbaycanda elektron hökumətin mövcud vəziyyəti» mövzusunda məruzə ilə çıxış edən nazir müavini bildirib ki, beynəlxalq təcrübəyə əsasən Azərbaycanda «e-hökumət»in formalaşdırılmasında 4 dayaq sütunu əsas götürülür: «Bunların birincisi adətən formalaşma üçün müəyyən siyasətin müəyyənləşdirilməsi, yəni bununla bağlı olan hərəkətverici və istiqamətləndirici sənədlərin, strategiyaların, fəaliyyət proqramlarının işlənməsidir. İkincisi infrastrukturla bağlı olan məsələlərdir. Sonra infrastruktur üzərində informasiya sistemlərinin yaradılması və bunlar vasitəsi ilə vətəndaşlara, biznes qurumlarına xidmətlərin göstərilməsidir. Bu gün Azərbaycanda «e-hökumət»in formalaşdırılması üzrə həyata keçirilən işlərə beynəlxalq aspektdən yanaşsaq, görərik ki, ölkəmizin nailiyyətləri günü-gündən artmaqdadır».

E.Vəlizadə onu da qeyd edib ki, Azərbaycanda «e-hökumət» mexanizmi qurulan zaman əhalinin bundan istifadə edə bilməsi üçün imkanların daha da genişləndirilməsinə böyük diqqət yetirilib: «Çünki bəzi ölkələr «e-hökumət» yaratsa da, əhali ondan istifadə edə bilməyib. Bunları nəzərə alaraq bizim ölkədə internet şəbəkəsi genişləndirilib, üstəlik, internetin qiyməti aşağı salınıb, keyfiyyəti artırılıb ki, hər kəs bundan yararlana bilsin».

Öz növbəsində Avropa Şurasının məsləhətçisi Tilman Oc Azərbaycanda «e-hökumət» quruculuğuna böyük ümid bəslədiyini vurğulayıb: «Bu seminarı hazırlayarkən gördüm ki, Almaniya bir sıra elektron xidmətləri kifayət qədər təkmilləşdirə bilər. Mən bir vətəndaş kimi burada görülən məhsuldar işlərdən yararlanacam».

Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Teymur Məlik-Aslanov isə bildirib ki, qloballaşan dünyada İKT-dən istifadə həmin dövlətin inkişaf səviyyəsini göstərir: «Azərbaycan üçün də bu sahənin inkişafı çox önəmlidir. Təsadüfi deyil ki, İKT-nin inkişafı ilə bağlı 2005-ci ildə dövlət proqramı qəbul olunub. O zaman Azərbaycan üçün yeni olan, amma dünyanın əksər inkişaf etmiş ölkələrində uğurla sınaqdan çıxmış «e-hökumət» həmin proqramda əksini tapıb».

Tədbirdə Danimarka Texnologiya İnstitutunun nümayəndəsi Ceremi Millard «Çoxillik təcrübəyə malik ölkələrdə elektron hökumət təcrübəsi» mövzusunda çıxış edərək bildirib ki, bu gün bütün dünyada bürokratiya mənfi qəbul edilir: «Lakin o zaman bürokratiya dövlətin işləri qanunlara əsaslanaraq həyata keçirməsi demək idi. İndi isə bütün bunlardan «e-hökumət»ə keçirik. Yeni texnologiyaların sahəsində bu məsələlər getdikcə mümkün olur. Azərbaycan BMT-də bu sahə üzrə 96-cı yerdədir. Avropa «e-hökumət» sahəsində böyük bir yol keçib. Bir sıra elektron xidmətlər var ki, bunlar daha çox dövlətə lazımdır. Məsələn, «online» qaydada vergilərin yığılması, ərizələrin verilməsi və digər bu kimi elektron xidmətlər insanları cəlb etmir. Əlbəttə, bunlar da vacibdir. Amma bunlarla yanaşı, insanları cəlb etmək üçün maraqlı elektron xidmətlər yaradılmalıdır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR