Sonuncu İlisu sultanı Daniyal sultanın qızı Kərimət xanımın qəbri tapılıb - FOTO

Sonuncu İlisu sultanı Daniyal sultanın qızı Kərimət xanımın qəbri tapılıb - <font color=red>FOTO</font>
# 28 may 2012 09:31 (UTC +04:00)
Bu barədə APA-ya ekspedisiyanın rəhbəri tarixçi-etnoqraf Cahangir Soltanov məlumat verib. Onun sözlərinə görə, ekspedisiyanın işində əsas məqsəd XIX əsrdə gözəlliyinə, cazibədarlığına görə bütün çar Rusiyası ərazisində “Qafqazın qızılgülü” adı ilə tanınan, sonuncu İlisu sultanı Daniyal sultanın qızı, Şeyx Şamilin ikinci oğlu Qazı Məhəmmədin həyat yoldaşı Kərimət xanımın qəbrinin yerini müəyyənləşdirmək olub. Ekspedisiyanın iki ay ərzində apardığı iş uğurla nəticələnib və Şəkinin qədim qəbiristanlıqlarından birində ekspedisiya üzvləri tərəfindən Kərimət xanımın qəbri aşkarlanıb.

C. Soltanov qeyd edib ki, Şeyx Şamil çar Rusiyasına təslim olduqdan sonra (26 avqust 1859 – cu il) Kərimət xanım Şamilin ailə üzvlərindən biri kimi Kaluqada sürgün həyatı yaşayıb və öyrəşmədiyi iqlim şəraitinin təsiri ilə vərəm xəstəliyinə tutulub. O, çar Rusiyasının ən məşhur həkimlərinin ciddi səylərinə baxmayaraq 1862-ci il mayın 4-də Kaluqada vəfat edib. Doğulub boya-başa çatdığı tarixi Zaqatala dairəsinə hədsiz məhəbbət bəsləyən Kərimət xanım ölüm ayağında tarixi Zaqatala dairəsində, İlisuda dəfn olunmasını xahiş edib. Kərimət xanımın Kaluqada xəstələnərək vəfat etməsi imperator II Aleksandrı təsirləndirib. İmperatorun göstərişi ilə Kərimət xanımın cənazəsi dörd bir yanı aypara – ulduz nişanları ilə bəzədilmiş, xüsusi sarkofaqa qoyularaq atası Daniyal sultanın sürgün həyatı keçirdiyi Nuxaya göndərilib və burada Daniyal sultanın iştirakı ilə dəfn edilib.

C. Soltanov XIX əsr Rusiya imperiyasının tarixində cənazənin xüsusi düzəldilmiş tabuta qoyularaq belə uzaq məsafəyə göndərilməsinin analoqunun olmadığını qeyd edib: “Hətta Rusiya imperiyası qarşısında xüsusi xidmətləri olan generallar Qafqaz müharibəsində həlak olduqda cənazələri Rusiyaya göndərilmir, onları həlak olduqları yerdə dəfn edirdilər. Eyni zamanda çar Rusiyasının hakim dairələri Qafqazdakı məmurlarına göstəriş vermişdilər ki, Kərimət xanımın cənazəsinin İlisu da daxil olmaqla tarixi Zaqatala dairəsinin heç bir yerində dəfn olunmasına icazə verilməsin. Çar Rusiyasının məmurları qorxurdular ki, cənazə Zaqatala dairəsində dəfn olunarsa, Kərimət xanımın qəbiri əhalini çar Rusiyası əleyhinə səfərbər edən növbəti bir simvola çevrilə bilər”.

C. Soltanov bildirib ki, Kərimət xanımla bağlı mövcud olan tarixi faktlar maraq kəsb etdiyindən onun dəfn olunduğu yerin dəqiqləşdirilməsi qərarına gəlinib. Sözü gedən məsələ ilə bağlı təşkil edilmiş ekspedisiyanın işinə ərəbşünas mütəxəssislər, filoloqlar və sair mütəxəssislər cəlb edilib. Şəkinin xan qəbiristanlığı da daxil olmaqla bütün qədim qəbiristanlıqlar ekspedisiya üzvləri tərəfindən diqqətlə araşdırılıb. Ekspedisiyanın topladığı Kərimət xanımın qəbirüstü başdaşı ilə bağlı bütün materiallar Zaqatala tarix – diyarşünaslıq muzeyinə gətirilib və bunlar hazırda mütəxəssislər tərəfindən araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR