Avropa Parlamentində “Rusiya və “Şərq tərəfdaşlığı” ölkələrində xəbər mediasının vəziyyəti” mövzusunda seminar keçirilir - FOTO

Avropa Parlamentində “Rusiya və “Şərq tərəfdaşlığı” ölkələrində xəbər mediasının vəziyyəti” mövzusunda seminar keçirilir - <font color=red>FOTO</font>
# 06 iyun 2012 12:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Avropa Parlamentində (AP) Avropa Komissiyasının təşkilatçılığı ilə “Rusiya və “Şərq tərəfdaşlığı” ölkələrində xəbər mediasının vəziyyəti” mövzusunda tədbir başlayıb. APA-nın məlumatına görə, Azərbaycandan tədbirə “APA-Group”un baş direktoru Vüsalə Mahirqızı, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, BDU-nun professoru Qulu Məhərrəmli, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədr müavini Nailə Əliyeva və “Azadlıq” radiosunun əməkdaşı Ülkər Akifqızından ibarət nümayəndə heyəti qatılıb.

Bu gün başlayan iki günlük seminarda AP-nin Media Xidmətləri və Monitorinq Bölməsinin rəhbəri Yannis Darmis giriş nitqi ilə çıxış edib. O, seminarın mahiyyəti barədə məlumat verərək bildirib ki, məqsəd azad medianın durumu ilə bağlı müzakirələr aparmaqdır: “Təkcə Rusiya və “Şərq tərəfdaşlığı” ölkələri yox, Avropa Birliyi özü də medianın durumu ilə bağlı müəyyən məsələləri danışmalı, təcrübəni bölüşməlidir”.

AP-nin Rusiya, “Şərq tərəfdaşlığı” və “Avronest” Parlament Assambleyası Bölməsinin rəhbəri Sabina Mazzi-Zissis çıxış edərək postsovet ölkələrində media azadlığı, yeni medianın inkişafı, ifadə azadlığı məsələlərindən danışıb.

Sonra AP-nin kommunikasiya məsələləri üzrə baş direktoru Juanna Labousse-Juarez çıxış edib. O bildirib ki, bu tədbirlərin keçirilməsində məqsəd təkcə “Şərq tərəfdaşlığı ölkələrində medianın durumunu müzakirə etmək yox, təcrübələrin paylaşılmasına nail olmaq, həmçinin məsələlərdən çıxış yollarını aramaqdır: “Bu tədbirdə medianın inkişafına mane olan məsələlər müzakirə ediləcək, vətəndaş və demokratik cəmiyyətin inkişafında medianın rolu ilə bağlı məsələlər haqda danışılacaq”.

Daha sonra açılış nitqləri söylənilib. İlk olaraq AP-nin kommunikasiya və informasiya siyasəti üzrə vitse-prezidenti Anni Podimata çıxış edib. O, çıxışında azad media dəyərlərinin demokratik və sabit dünyanın qurulmasında çox mühüm rol oynadığını vurğulayıb: “Avropada da, Rusiyada da, o cümlədən “Şərq tərəfdaşlığı”na daxil olan ölkələrdə də söz azadlığı və medianın inkişafı Avropa Parlamentinin prioritetləri arasındadır. Söhbət təkcə həmin ölkələrdə media ilə bağlı problemlərin olmasından getmir. Avropada da ifadə azadlığı sahəsində müəyyən problemlər var. Buna misal olaraq Macarıstanı göstərmək olar. Macarıstanda hökumətin media üzərində nəzarət mexanizmi ilə bağlı zaman-zaman problemlər yaranıb. Bununla bağlı Avropa Komissiyasının müdaxiləsindən sonra qanunvericilik təşəbbüsü geri götürülüb”.

O, İtaliyada keçmiş baş nazir Silvio Berluskoni ilə media arasında mütəmadi yaranan problemlərdən də bəhs edib. A. Podimatanın sözlərinə görə, media azadlıqları sahəsində Avropada da zaman-zaman ciddi problemlər olur və media təşkilatları bununla bağlı hesabatlar yayırlar: “Lakin postsovet ölkələrində vəziyyət daha mürəkkəbdir”.

O qeyd edib ki, bu barədə təkcə media nümayəndələri ilə müzakirələr aparılmır: “Eyni zamanda AB-nin “Şərq tərəfdaşlığı” çərçivəsində yaratdığı Avronest PA-da iştirak edən ölkələrin parlament nümayəndələri ilə də azad medianın inkişafı və ifadə azadlığının təmin olunması ilə bağlı mütəmadi müzakirələr aparılır”.

Anni Podimata deyib ki, AB ölkələrin sabitliyində çox maraqlıdır: “Avropa Birliyi istəyir ki, onun tərəfdaşları arasında sabitlik olsun. Sabitliyin əsas dəyərlərindən biri isə demokratik və vətəndaş cəmiyyətin qurulmasıdır ki, bu sahədə də medianın rolu əvəzsizdir. Fundamental insan haqlarını təmin etmədən demokratik cəmiyyət qurmaq mümkün deyil. Fundamental insan haqlarının təminində isə media yaxından iştirak edə bilər”.

Sonra Avropa Komissiyasının kommunikasiya məsələləri üzrə baş direktoru Greqory Paulger çıxış edib. O deyib ki, sabit, demokrat və tolerant cəmiyyətin sütunlarından biri azad mediadır. G. Paulger bildirib ki, ayrı-ayrı ölkələrdə media ilə bağlı müəyyən məqamlar var. O, Rusiyada jurnalistlərə mütəmadi təzyiqlərin olunması, onların informasiya əldə etmək sahəsində üzləşdikləri problemlər, Azərbaycanda jurnalist Xədicə İsmayılova ilə bağlı baş verən şantaj hadisəsi, Belarusda jurnalistə təcavüz edilməsi haqda danışıb.

G. Paulger qeyd edib ki, bütün ölkələrdə, o cümlədən Avropa ölkələrində söz azadlığına müdaxilə, məlumat almaqda problemlərin yaşanması müşahidə olunur. O da bununla bağlı Macarıstandakı vəziyyəti misal gətirib. Bildirib ki, bu ölkədə dövlətin media üzərində nəzarət mexanizmi qurmaq planları var idi, AK-nın müdaxiləsindən sonra təşəbbüs geri çəkilib.

G. Paulger yeni internet medianın yaranmasından da danışıb. O deyib ki, “Ərəb baharı”nın səbəblərindən biri məhz həmin ölkələrdə internet medianın inkişaf etməsi, media azadlığının sərhədsizləşdirilməsidir: “İnternetin inkişafı ilə jurnalistika daha da yüksəlir. AB-yə üzv ölkələr qonşuluq siyasəti çərçivəsində “Şərq tərəfdaşlığı” ölkələrində media azadlığının olmasında və vətəndaş cəmiyyətinin qurulmasında çox maraqlıdır. 2012-ci ildə AB “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq etdiyi ölkələrdə vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün 26 milyon avro maliyyə vəsaiti ayırıb. AB ölkələri hər zaman media azadlığı sahəsində müzakirələrin keçirilməsinə çox şaddır və bu müzakirələrdə “Şərq tərəfdaşlığı” ölkələrinin iştirakı onları məmnun edir”.

Qeyd edək ki, seminarda Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Ukrayna, Gürcüstan və digər ölkələrdən gələn nümayəndələr iştirak edirlər. Seminarın digər bölümlərində AP-nin demokratiya insan haqları və söz azadlığı məsələləri ilə bağlı fikir mübadilələri aparılacaq.

Bundan başqa, seminarlarda Avropa institutları və medianın işbirliyi, eyni zamanda “Şərq tərəfdaşlığı” ölkələrində və Rusiyada media azadlığı məsələsinin vəziyyətinə dair müzakirələr olacaq. AK-nın söz azadlığı, demokratiya və insan haqlarının vəziyyətinə verdiyi dəyərlə bağlı da müzakirələr aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR