Azərbaycanın dövlət büdcəsinin profisiti 1 mlrd. manatı keçib

Azərbaycanın dövlət büdcəsinin profisiti 1 mlrd. manatı keçib
# 20 iyul 2012 15:14 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə dövlət büdcəsinin mədaxili 106,2% icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45% və ya 2 523,6 mln. manat çox olub: «Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 116%, yəni büdcəyə 2 967,5 mln. manat, ötən ilin eyni dövrünə nisbətən isə 404,6 mln. manat və ya 15,8% çox vəsait təmin edib. Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,4% əməl olunmaqla büdcəyə 557,2 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% və ya 14,8 mln. manat çoxdur. Dövlət Neft Fondundan isə büdcəyə 4 592,3 mln. manat vəsait daxil olub. Sair daxilolmalar üzrə büdcəyə 17,4 mln. manat vəsait təmin edilib».

Dövlət büdcəsinin xərclərinə gəldikdə, hesabat dövründə büdcənin xərcləri 91,4% icra edilib ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 2 227,4 mln. manat və ya 45,6% çox icra olunub: «İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayı ərzində dövlət büdcəsi xərclərinin 32,3%-i və ya 2 299,7 mln. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 369,9 mln. manat və ya 19,2% çox olub».

Funksional təsnifata uyğun olaraq 2012-ci ilin altı ayı üzrə ötən ilin eyni dövrü ilə müqayisədə sənaye, tikinti və faydalı qazıntı xərclərinə 86,1% (1 164,6 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 42,8% (31,2 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 42,1% (283,5 mln. manat), müdafiə xərclərinə 41,6% (151,7 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 39,8% (36,7 mln. manat), mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 36,9% (27,4 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 28% (81,5 mln. manat), nəqliyyat və rabitə xərclərinə 19,4% (4,7 mln. manat), ümumi dövlət xidmətləri xərclərinə 17,8% (66,3 mln. manat), səhiyyə xərclərinə 16,2% (31,8 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 6,3% (10,9 mln. manat), təhsil xərclərinə 2,3% (13 mln. manat) çox vəsait yönəldilib.

Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 2 513,9 mln. manat vəsait yönəldilib. Həmin vəsaitdən təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 513,5 mln. manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya və bu qəbildən olan digər infrastrukturlarının tikintisinə, yenidən qurulmasına 1 475,9 mln. manat vəsait yönəldilib.

Hesabat dövründə icmal büdcənin gəlirləri 11 407,0 mln. manat, xərcləri isə 8 053,5 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR