Bərdədə müasir heyvandarlıq komplekslərinin inşasına başlanılıb

Bərdədə müasir heyvandarlıq komplekslərinin inşasına başlanılıb
# 17 avqust 2012 12:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bərdə rayonunun Zümürxan kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə Bərdə rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan taxılçılıq, intensiv bağçılıq təsərrüfatlarının, kiçik və orta həcmli meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Aran regional bölməsinin müdir müavini İlham Qəribov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Aran iqtisadi rayonunda sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər barədə məlumat veriblər.

Öz növbəsində SKMF-ın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə 1 660-dək sahibkara 148 mln. manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 6 660-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

«Aran iqtisadi rayonunda indiyədək 4 829 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 230 mln. manatadək, o cümlədən son illər yeni texnologiyaların tətbiqinə əsaslan 60 layihənin maliyyələşdirilməsinə 117,6 mln. manat güzəştli kredit verilib. Bu müəssisələrdən 40-ı istifadəyə verilib, 20 müəssisənin isə bu il istifadəyə verilməsi nəzərdə tutulur», - deyə Ş.Abdullayev bildirib.

Fondun rəsmisi həmçinin qeyd edib ki, SKMF-ın vəsaitləri hesabına ölkədə ümumi dəyəri 96,8 mln. manatadək olan 10 müasir cins iribuynuzlu heyvandarlıq kompleksinin maliyyələşdirilməsinə 42,6 mln. manat güzəştli kredit verilib, bu heyvandarlıq komplekslərindən 2-si istifadəyə verilib, 8-i isə bu il istifadəyə veriləcək.

Tədbir çərçivəsində Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən 77 sahibkarlıq subyektinə 6,5 mln. manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR