ARDNŞ və «Statoil» şirkətlərinin rəhbərliyi arasında görüş keçirilib

ARDNŞ və «Statoil» şirkətlərinin rəhbərliyi arasında görüş keçirilib
# 11 oktyabr 2012 15:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə Norveçin «Statoil» şirkətinin icraçı vitse-prezidentləri Lars Kristian Baker və Eldar Sətrenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə R.Abdullayev «Statoil» şirkəti ilə ARDNŞ arasında uzun müddət davam edən səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb. Azərbaycanda həyata keçirilən enerji layihələrindən danışan R.Abdullayev Azərbaycan tərəfinin Xəzər hövzəsində hasil olunan təbii qazın Avropaya nəqlini nəzərdə tutan «Cənub dəhlizi» layihəsini dəstəklədiyini dəfələrlə bəyan etdiyini nəzərə çatdırıb və diversifikasiya imkanlarının genişləndirilməsi çərçivəsində bu istiqamətdə bütün mümkün marşrutların Azərbaycanlı ekspertlər tərəfindən nəzərdən keçirildiyini qeyd edib. O, «Şahdəniz» yatağının işlənilməsi layihəsinin I və II fazaları üzrə işlərin durumu haqqında qonaqlara məlumat verib.

L.K.Baker təmsil etdiyi şirkətin Azərbaycandakı fəaliyyətinin yüksək səviyyədə davam etdiyini söyləyib. O, birlikdə həyata keçirilən neft-qaz layihələrinin uğurla davam etdiriləcəyinə, Azərbaycanın Avropa istehlakçılarının böyük həcmdə karbohidrogen ehtiyatları ilə təchiz edilməsi probleminin həllinə layiqli töhfə verəcəyinə inandığını bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR