Aşqabadda Trans-Xəzər qaz kəməri layihəsi ilə bağlı dördtərəfli danışıqlar başlayıb

Aşqabadda Trans-Xəzər qaz kəməri layihəsi ilə bağlı dördtərəfli danışıqlar başlayıb
# 03 sentyabr 2012 08:52 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, səfərdə məqsəd Trans-Xəzər qaz kəməri layihəsi ilə bağlı Türkiyə, Azərbaycan, Türkmənistan və Avropa Birliyi arasında aparılacaq danışıqlarda iştirak etməkdir.

Sentyabrın 5-dək davam edəcək danışıqlarda Azərbaycanı sənaye və energetika nazirinin müavini Natiq Abbasov, Avropa Birliyini isə enerji məsələləri üzrə komissar Günter Ottinger təmsil edəcək.

Taner Yıldız jurnalistlərə açıqlamasında Türkmənistanın Trans-Anadolu (TANAP) layihəsinə qoşulmasının gündəmdə olduğunu bildirib: “Eyni zamanda Azərbaycan tranzit ölkə olmaqla Türkmənistan qazının Trans-Xəzər qaz kəməri ilə nəqli də mümkündür”.

Qeyd edək ki, bu il iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Xatırladaq ki, ötən il sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR