Azərbaycanda online yemək sifariş xidməti fəaliyyətə başlayıb - MÜSAHİBƏ

Azərbaycanda online yemək sifariş xidməti fəaliyyətə başlayıb - <font color=red>MÜSAHİBƏ</font>
# 14 may 2012 08:30 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda online yemək sifariş xidməti fəaliyyətə başlayıb. “nuush.az” online xidmətinin rəhbərləri məqsədlərini və görəcəkləri işlər barədə fikirlərini açıqlayıblar. Xidmətin rəhbərləri Aykut Keskin və Cəlal Rəhimovun APA-ya müsahibəsini təqdim edirik.

Cəlal Rəhimov: Bu saytı Azərbaycan üçün yenilik adlandırmaq olar. Çünki həqiqətən “nuush.az” sırf online və ancaq yemək xidməti üçün nəzərdə tutulan saytdır. Saytın yaranma tarixinə gəldikdə, biz, bir neçə il öncə 5-6 il ərzində Amerika Birləşmiş Ştatlarında təhsil alıb, çalışarkən həqiqətən ailədən uzaq düşmənin, tələbəlik həyatının bir çox çətinliklərini gördük. Dərsdən evə yorğun gəlmək, hazırlaşmaq və bununla yanaşı, yemək bişirib, özünə qulluq etmək həqiqətən çox çətin olur. İlk dəfə biz bu xidməti məhz orada gördük, istifadə etdik. Türkiyədə də bu səpkili xidmətdən çox istifadə edən insanlar var.

Aykut Keskin: Təbii ki, bütün bunları düşünərkən, niyə də Azərbaycanda belə bir xidmətin yaranmaması ağlımıza gəldi. Çalışan, təhsil alan, ümumiyyətlə ağır iş qrafiki olan insanların ən çox şikayəti vaxt azlığından, yemək yeməyə bir dəqiqə belə tapmamasından olur. Bu xidmət məhz onlar üçün, ümumiyyətlə yeniliyi sevən insanlar üçün nəzərdə tutulub. Gəlin səmimi etiraf edək ki, biz çox vaxt eyniliyə öyrəşirik. Eyni məkana getmək, eyni yeməkləri yemək bizim üçün daha rahat görünür. Amma, yenilik daim maraqlı və özünəməxsus olur.

Cəlal Rəhimov: Saytın xidmətinə “çatdırılma”, “gəl götür” və “catering” bölmələri daxildir. Evində oturan, çalışan, vaxtı çox az olan insan sadəcə bizim nuush.az saytına daxil olmaqla, yerləşdiyi məkanı seçir və bu məkanda olan restoranların siyahısını görə bilir. Siyahı ilə yanaşı, istifadəçi aydın şəkildə hər bir yeməyin tərkibini, yerləşdiyi məkana çatdırılma dəqiqələrini və qiyməti də görür. Bununla da, sifarişçiyə sadəcə zövqünə görə yeməyi sifariş etmək qalır.

Aykut Keskin: Digər, “gəl-götür” xidmətinə isə müştərinin yenə saytımıza daxil olmaqla yemək sifariş verməsi, daha sonra yolüstü gedəcəyi məkana yollanarkən sifariş verdiyi restorana daxil olub artıq hazır yeməyi götürməsi daxildir. Burada vaxtın önəmi rol oynamır. Yeməyi günün istənilən vaxtı sifariş verib, rahat şəkildə gedib götürə bilər . Catering xidmətindən danışarkən, xüsusi olaraq vurğulamaq yerinə düşər ki, burada bizim əməkdaşlıq etdiyimiz çox professional şirkətlər var. Ad günlərin, banketlərin təşkili zamanı, tədbirin daha maraqlı keçirilməsi, menyunun qeyri adi olması üçün bəzən insanlar kimə müraciət edəcəklərini bilmirlər. Bu an bizimlə əlaqə yetərlidir ki, sifarişçinin nə istədiyi, maliyyənin nə qədər olduğu əməkdaşlıq etdiyimiz şirkətlərə göndərilsin ki, bu da nəticə etibarı ilə professionallar tərəfindən mükəmməl bir tədbir keçirilməsinə şərait yaratsın.

Cəlal Rəhimov: Bu gün insanların iş rejimi həqiqətən çox ağırdır. Hər kəs karyerasında daha böyük uğurlar, yeniliklər əldə etməyə can atır. Bunun nəticəsi olaraq insanlar özlərinə qulluq etməyi, vaxtında yemək yeməyi həqiqətən artıq vaxt hesab edirlər. Bununla yanaşı, bəzən həddən ziyadə məşğul olan evdar qadınlar belə, axşama vaxt tapıb tədarük görə bilmirlər. Bizim saytın ən böyük üstünlüyü insanların rahatlığının təmin edilməsidir. Biz bir məqamı xüsusi olaraq qeyd etmək istərdik ki, saytımızın xidməti pulsuzdur. Sifarişçi sadəcə yeməyinin pulunu ödəməli olacaq. Bu qiymətlər eyni ilə restoranda ödənilən qiymətlərdir.

Aykut Keskin: Sifariş isə bir başa ünvana gəlir ki, bu da insanların rahatlığı üçün xüsusi əhəmiyyət kəsb edir. Kartdan istifadə edib, bəzi hallarda riskə atılmağa da ehtiyac yoxdur. Dəqiqələrlə telefonda menyunu dinləməyə isə artıq nə həvəs, nə də vaxt var. Gəlin razılaşaq ki, dəfələrlə menyu sifariş edərkən, əsəbiləşib nə istədiyimizi sifariş qəbul edən insana izah etməyə çalışmışıq. Bəzi hallarda isə yemək ünvana ya gec daxil olur, ya da ümumiyyətlə yanlış gəlir. Bu isə təbii ki, ürək açan deyil. Çünki dəfələrlə zəng edib sifarişin nə vaxt çatacağı ilə maraqlanmalı və ya narazılıq bildirməli oluruq ki, bu da təbii ki həm əsəb, həm də vaxt itkisidir.

Cəlal Rəhimov: Nəzərə alsaq ki, bu gün insanlar internetdən daha çox xəbər oxunması, hansısa mövzular ətrafında müzakirələrin aparılması üçün istifadə edirlər, təbii ki, bu yeni xətt onlar üçün həm maraqlı, həm də cəlbedicidir. Bəli, saytın xidməti tamamilə pulsuzdur. Sadəcə sifariş lazımi məkana daxil olduqdan sonra müştəri restoran qiyməti ilə bərabər şəkildə sadəcə yeməyinin pulunu ödəyir. Sevindirici fakt odur ki, bizim saytın xidmətindən bir dəfə istifadə edən müştəri, böyük məmnuniyyətlə daimi istifadəçimiz olur.

Aykut Keskin: Bu gün Azərbaycanda facebook şəbəkəsindən istifadə edən insanların sayı getdikcə artır. Bunu nəzərə alaraq biz ilk təqdimata facebookdan internet şəbəkəsindən başladıq ki, bu gün 11000-dən artıq üzvümüz var. nuush.az saytının üzvlərinin sayı 1000 nəfərdən artıqdır. İnternet imkanlarının, istifadəçilərinin, ümumiyyətlə texnologiyanın inkişafını nəzərə alsaq, bu gün interneti olmayan, hər an müxtəlif saytlara daxil olub, yeniliklər axtarmayan insanlara çox az rast gəlmək olar. Bütün bu məqamları, eyni zamanda saytımızda xidmətlərin online vasitəsi ilə aparıldığını nəzərə alaraq üstünlüyü internetə vermişik. Tanıtımımız təbii ki, davam edəcək. Hal hazırda yeni reklam çarxı üzərində işlər gedir. Amma hər an sürprizlər də ola bilər. Üstünlüklərimizə gəldikdə ki, təbii ki, burada da əsas vurğu internetə vurulacaq.

Cəlal Rəhimov: 60-dan artıq restoranla çalışırıq. Yeni restoranlarla danışıqlarımız davam edir. Çalışdığımız restoranlar sırasında “La strada”, “Cio-cio san”, “Zeytun”, “Mado”, “Kürə pizza”, “Zakura” və başqalarını göstərmək olar. Ən önəmli fakt isə müştərinin narazı qaldığı bir məqam olarsa, bizə rahat şəkildə müraciət edə bilməsidir. Bu, təbii ki, işimizin daha professional şəkildə qurulmasına xidmət edir.

Aykut Keskin: Sadəcə hər bir sifarişçi sifarişi qəbul etdikdən sonra narazı və ya razı qaldığı məqamla bağlı sayta daxil olub xidmət, keyfiyyət, ləzzət və çatdırılma sürəti ilə bağlı bölmələrə xal verib, fikir yaza bilər. Eyni zamanda sifarişlə bağlı problemləri saytda “live chat” ilə də bildirə bilir. Əməkdaşlıq etdiyimiz restoranlarla müqavilələrə müştərinin narazı qaldığı anda onun qarşılığı müqabilində ciddi şərtlər ödəməsi durur.

Cəlal Rəhimov: nuush.az nuşdan daha artıq, daya yaxşı, qısacası ən mükəmməli deməkdir.

Aykut Keskin: Odur ki, nuush olsun.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR