«Vergi Dostları»na sertifikatlar təqdim olunub

«Vergi Dostları»na sertifikatlar təqdim olunub
# 04 oktyabr 2012 13:05 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Vergilər Nazirliyi Xaçmaz rayonunda vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işini gücləndirmək, vətəndaşlarda vergi mədəniyyətini formalaşdırmaq və bu sahəyə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə tədbir keçirib.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Təhsil Nazirliyinin dəstəyi ilə seçilərək müəyyən edilmiş ümumtəhsil məktəblərinin müəllimlərindən ibarət 49 nəfər “Vergi Dostu”na sertifikat və kompüterlər təqdim edilib.

Tədbirdə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirlik tərəfindən ölkənin kənd və qəsəbələrində (Ərazi Vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla) “Vergi dostları” şəbəkəsinin yaradılması ilə bağlı zəruri işlərin görüldüyünü bildirib.

Qeyd edək ki, “Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, Vergilər Nazirliyinin tətbiq etdiyi elektron xidmətlər (məktub və ərizələrin, bəyannamənin göndərilməsi, e-qutuya daxil olan məktubların oxunması, vergi borcunun öyrənilməsi və s.) barədə vergi ödəyicilərini məlumatlandırır. Bundan başqa, «Vergi dostları» uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir, həmçinin orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş vergilərə aid dərs vəsaitlərinin tədrisinə köməklik göstərir, vergilərə dair metodiki kabinetlərdə təşkil olunan görüş və treninqlərdə iştirak edir və s. “Vergi Dostu” namizədi kimi müəyyənləşdirilmiş şəxslər qruplara bölünərək müvafiq ƏVİ tərəfindən Vergi ödəyicilərinə xidmət mərkəzlərində keçirilən təlim kurslarına cəlb edilirlər.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, Akif Musayev və Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında və şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında “vergi dostları”nın fəaliyyətinin vacibliyini qeyd ediblər. Tədbirdə təlimi müvəffəqiyyətlə başa vuran “vergi dostları”na üzvlük sertifikatı, “Vergi Dostu”nun yaddaş kitabçası və kompyuterlər təqdim olunub, onlar əməkdaşlıq barədə öhdəlik vərəqəsini imzalanıb. Tədbirdə Xaçmaz rayon icra hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələri, Vergilər Nazirliyinin və 3 saylı ƏVİ-nin rəhbər vəzifəli şəxsləri, ictimai təşkilatların nümayəndələri və s. iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR