Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin Xocalı aeroportunda texniki uçuş keçirəcəkləri barədə məlumatlarla əlaqədar bəyanat yayıb

Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin Xocalı aeroportunda texniki uçuş keçirəcəkləri barədə məlumatlarla əlaqədar bəyanat yayıb
# 27 oktyabr 2012 11:40 (UTC +04:00)
APA-nın xəbərinə görə, bəyanatda Ermənistan prezidenti Serj Sərkisyanın İrəvan-Xocalı-İrəvan reysinin ilk sərnişini olacağı barədə vədini separatçıların tez-tez xatırlamasına diqqət yetirilir.

Qeyd olunur ki, Azərbaycan dövləti bu məsələyə bütün səviyyələrdə dəfələrlə etiraz edib, xüsusilə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroport açmaq istiqamətində atdığı addımlarla əlaqədar BMT baş katibinə ünvanladığı məktubda BMT üzvü olan ölkələri qondarma “Stepanakert aeroportu”nun Azərbaycan qanunvericiliyinə zidd fəaliyyət göstərdiyi, oradan həyata keçirilən bütün növ uçuşların qeyri-qanuni və Azərbaycanla Ermənistanın üzv olduğu İCAO-nun prinsiplərini pozduğu barədə xəbərdar edib: “Son günlərdə isə Azərbaycanın qanuni olaraq atacağı addımlara Ermənistan və qondarma rejimin nümayəndələri tərəfindən hədələr irəli sürülüb. Bütün Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının kəskin etirazına səbəb olmuş bu təşəbbüslər “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi idarə heyətinin iclasında geniş müzakirə olunub və qətiyyətlə pislənib. Ermənistanın Xocalı aeroportunu istifadəyə verməyə və işğal etdiyi Azərbaycan əraziləri üzərindəki hava məkanından qanunsuz istifadə etməyə hazırlaşması Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yanaşı, aviasiya normalarına da ziddir”.

Bəyanatda daha sonra bildirilir ki, Azərbaycan torpaqlarının işğalı zamanı Xocalı şəhərində yerləşən yeganə aeroport da 1992-ci ildə şəhərin zəbt olunması ilə erməni işğalçılarının nəzarətinə keçib: “Həmin vaxtdan aeroport fəaliyyət göstərə bilməyib və yalnız 2008-ci ildə xaricdəki erməni diasporunun ayırdığı maliyyə yardımları hesabına işğalçılar Xankəndindən 10 kilometrlik məsafədə yerləşən aeroportu yenidən inşa ediblər. Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Hesab edirik ki, Ermənistanın mövcud status-kvonu mümkün qədər uzatmaq və öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə müxtəlif vaxtlarda işğal etdiyi Azərbaycan ərazilərində bir sıra tədbirlər keçirməklə oradakı cinayətkar rejimin dünya birliyi tərəfindən tanınmasına cəhd göstərir. Lakin orada tikilən hər hansı bir obyektin - istər aeroport olsun, istərsə də başqa bir obyekt - açılışı heç vaxt Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına gətirib çıxara bilməz. Çünki dünya birliyi, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər birmənalı şəkildə dəfələrlə bəyan ediblər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar”.

Dağlıq Qarabağın azərbaycanlı icması bəyan edir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hər hansı bir fəaliyyət yalnız Ermənistanın Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər: “Hesab edirik ki, Ermənistan özünün belə qanunsuz hərəkətləri ilə münaqişənin nizamlanması yolunda ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarını, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərini və icmalar arasındakı dialoq imkanlarını da heçə endirir. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bildirir ki, əgər hər hansı bir təyyarə Xocalı aeroportundan qalxırsa, avtomatik şəkildə Azərbaycanın ərazisindən uçmalıdır. Bunun əksi elementar beynəlxalq normalara ziddir və Azərbaycan dövləti buna adekvat cavab verəcəkdir. Ancaq Ermənistan və onun prezidenti nəzəri baxımdan bunu dərk etmirsə, təbii ki, burada praktiki addımlar atıla bilər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR