AFFA legioner limitini dəyişdi

AFFA legioner limitini dəyişdi
# 09 mart 2012 12:41 (UTC +04:00)
Bakı – APA. Bu gün yeni seçkilərdən sonra AFFA-nın İcraiyyə Komitəsinin (İK) ilk iclası keçirilib. Bu haqda apasport.az saytına daha 4 il müddətinə İK-nın üzvü kimi təsdiqlənən Kazbek Tuayev məlumat verib. Onun sözlərinə görə, hesabat-seçki Konfransından sonra İK-nın üzvləri bir araya gəlib.

Tuayev bildirib ki, legioner limitinin dəyişdirilərək “8+3”dən “7+4”ə çevrilməyi artıq həllini tapıb: “Bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovu irəli sürdüyü təklif çox xoşuma gəldi. Yəni, oyunun iştirak ərizəsində 21 yaşadək futbolçunun olması şərtdir. Mən bu təklifi dəstəkləyirəm. Çünki biz tədricən Avropa səviyyəsinə çıxmalıyıq. Bu isə onu özündə əks etdirir ki, meydana çıxan 11 futbolçudan 6-sı yerli, 5-i əcnəbi olmalıdır. Bizdə hələlik bu, alınmır. Buna tədricən keçməliyik. Dəyişikliyi dərhal etmək çox çətindir. Çünki klublar əsasən legionerlərlə misal üçün, 2-3 illik müqavilə bağlayırlar. İndi durub, əcnəbiləri qovmaq düzgün olmazdı. Qərara alındı ki, limitdə həmin dəyişiklik növbəti mövsümdən tətbiq olunsun. Limitinin tədricən tətbiqi çox yaxşıdır və biz onu ürəkdən dəstəkləyirik”.

Tuayevin sözlərinə görə, bir sıra digər, o cümlədən, televiziya yayımla bağlı məsələyə baxıblar: “Bu, yaxşı məsələ idi. Telekanallar matçların yayımına görə mütləq pul verməlidir ki, bununla bağlı səsvermə oldu. İcraiyyə Komitəsində veteranlarla müzakirə olunan məsələ çox xoşuma gəldi. Buna görə də Rövnəq Abdullayevlə Elxan Məmmədovu alqışlayıram. Yeri gəlmişkən, başda Rövnəq müəllim olmaqla, yenidən vəzifələrinə seçilən insanların hamısını təbrik edirəm. AFFA-nın futbol veteranlarına təqaüdlər verməyi, səhhətində problem yarananları maddi kömək göstərməyi çox yaxşı haldır. Təkcə mən yox, bütün hamı bunu böyük məmnuniyyətlə alqışlayır”.

Mehman SÜLEYMANOV
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR