Abdullah Gül: “Türkiyə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına yeni ruh qazandırmaq üçün əlindən gələni edəcək”

Abdullah Gül: “Türkiyə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına yeni ruh qazandırmaq üçün əlindən gələni edəcək”
# 26 iyun 2012 15:42 (UTC +04:00)
İstanbul. Mais Əlizadə - APA. İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təsis olunmasının 20 illiyinə həsr olunmuş yubiley sammiti işə başlayıb. APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı sammiti Türkiyə prezidenti Abdullah Gül açıb. QDİƏT-in 20 ildə gəldiyi nöqtə ilə bağlı iştirakçılara məlumat verən A. Gül bu dönəmdə təşkilatlanmanın müvəffəqiyyətlə tamamlandığı vurğulayıb. Türkiyə prezidenti deyib ki, QDİƏT-in məqsədi bölgədəki əməkdaşlığı, bölgə ölkələri arasında sülh, sabitlik, əmin-amanlıq zəminində iqtisadi əlaqələri gücləndirmək və bölgə xalqlarının rifah səviyyəsini dünya standartlarına çatdırmaqdan ibarət olub.

A. Gül qeyd edib ki, 20 il əvvəl imzalanan İstanbul Bəyannaməsi SSRİ-nin dağılmasından, soyuq müharibənin bitməsindən sonra bölgənin yenidən qurulmasına öz möhürünü vuran sənəd olub: “Artıq təşkilatlanma tamamlanıb, bundan sonra biz İstanbul Bəyannaməsinin ruhunu yenidən canlandırmalıyıq və önümüzdəki 10 illərin yol xəritəsini hazırlamaq üçün çalışacağıq”.

Türkiyə prezidenti QDİƏT-in bundan sonrakı niyyətinin bu gün elan olunacaq növbəti Bəyannamədə öz əksini tapacağını da deyib.

O da qeyd olunub ki, iyulun 1-dən etibarən QDİƏT-in dönəm başqanlığı Türkiyəyə keçir: “Türkiyə 20 il əvvəl olduğu kimi, təşkilata yeni ruh qazandırmaq üçün bundan sonra da əlindən gələni edəcək”.

A.Gül çıxışında onu da bildirib ki, bölgə ölkələri arasındakı bəzi siyasi ixtilaflar iqtisadi, mədəni, turizm, enerji sahəsindəki əməkdaşlığı ləngitsə də, biz dialoq yolları ilə bu əngəlləri aradan qaldırmalıyıq.

O, yeni dönəm üçün seçiləcək təşkilat rəhbərlərinə uğurlar arzulayıb.

Toplantı davam edir.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yubiley sammitində regionda dondurulmuş münaqişələrin həlli yollarının müzakirəsi gözlənilir.

Xatırladaq ki, QDİƏT 20 il bundan əvvəl 1992-ci ildə region ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi məqsədilə təsis edilib. Hazırda təşkilat üzvlərinin əhatə etdiyi ölkələrin ümumi sahəsi 20 milyon kvadrat kilometr, əhalisinin sayı 340 milyon nəfərdir.

Təşkilat ölkələr arasında nəqliyyat, ticarət, iqtisadi inkişaf, enerji (ən mühüm sahələrdəndir), kommunikasiya və informasiya texnologiyaları, elm, turizm, təhsil və gömrük işi sahələrində, eləcə də investisiya və turizm sahələrində əməkdaşlığı nəzərdə tutur.

Təşkilatın parlament qurumu – Parlament Assambleyası, eləcə də xüsusi bankı - Qara Dəniz Ticarət və İnkişaf Bankı təsis edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR