Təbii qazdan qeyri-qanuni istifadə halları aşkarlanıb

Təbii qazdan qeyri-qanuni istifadə halları aşkarlanıb
# 19 iyul 2012 11:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı Binəqədi rayonunda apardığı reyd zamanı rayonun təkcə bir yaşayış massivində təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı 50-dən artıq fakt aşkar edilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, “Vulkan qəsəbəsi” adlanan yaşayış sahəsindəki “Tac” kafesində heç bir texniki sənəd olmadan, qeyri-qanuni qaz xəttinə qoşulma faktı aşkar edilib, xətt mənbədən ayrılıb, obyekt rəhbərliyinin təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə məsuliyyət məsələsi qaldırılıb. Bundan başqa, 51 nəfər fiziki şəxs, o cümlədən Babayev Arif, Salmanov Akif, Bəhmanov Sabir, Yürüyev İslam, Ağayev Zəmanət və başqaları tərəfindən təbii qazdan qeydiyyatsız istifadə halları aşkar edilib. Bununla əlaqədar ev sahiblərinin iştirakı ilə faktlar aktlaşdırılıb və həmin evlərin qaz təchizatı dayandırılıb.

Reyd zamanı əhali tərəfindən təhlükəsizlik qaydalarının pozulması halları da müəyyənləşdirilib. Belə ki, rezin şlanq birləşmələrinə yol verilməsi, nasaz və qeyri-standart qaz cihazlarından istifadə halları, qaz kəmərlərinin həyətlərdən və mənzillərdən tranzit keçməsi, soba və su qızdırıcılarının, o cümlədən qaz plitələrinin yerləşdirildiyi otaqların normativ tələblərə cavab verməməsi, təbii qazla işləyən su qızdırıcılarının tüstü bacalarının düzgün qurulmaması kimi nöqsanlar aşkar edilərək, ev sahiblərinin nəzərinə çatdırılmış, onlara müvafiq tövsiyələr verilib.

“Azəriqaz” İstehsalat Birliyi bir daha abonentlərə xəbərdarlıq edir ki, təbii qazdan qeyri-qanuni istifadə yolverilməzdir. Buna cəhd göstərən istehlakçıların təbii qaz təchizatı qeyd-şərtsiz dayandırılacaq, dəymiş ziyanın məbləği də hesablanaraq onlardan tutulacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR