Ukraynalı balerina Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyəcək

Ukraynalı balerina Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyəcək
# 12 oktyabr 2012 12:29 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Opera və Balet Teatrının rəhbərliyi məşhur balet ulduzu, Ukraynanın xalq artisti, balet artistlərinin dörd beynəlxalq müsabiqəsinin qızıl medalı və birinci mükafatının sahibi Tatyana Boroviki teatrda çalışmaq üçün dəvət edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, T.Boroviklə bir il müddətinə imzalanmış müqavilə əsasında o Teatrın balet truppası ilə ustad dərsləri və məşğələlər aparacaq, həmçinin aparıcı solistlərin klassik balet tamaşalarında çıxışlarda ustalığını təkmilləşdirmək üçün onlarla fərdi şəkildə məşğul olacaq.

Opera və Balet Teatrının direktoru Akif Məlikov məşhur balet mütəxəssisinin Bakıya dəvət olunmasını belə şərh edib: “Tatyana Borovik klassik balet sənətinin tanınmış və qəbul edilmiş ustadlarından biridir. Bir çox titullarla yanaşı o həm də Ukraynada balet sənətinin inkişafı sahəsində xidmətlərinə görə bu ölkənin “Şöhrət”“ ordeni ilə təltif edilib.
T.Borovik bütün dünyada çox uğurlu qastrol səfərlərində olub, ən mötəbər səhnələrdə çıxış edib. Balet artisti kimi parlaq karyerasını başa vuran T.Borovik hazırda Ukrayna Milli Opera və Balet Teatrında xoreoqraf-repetitor vəzifəsində çalışır və Kiyev bələdiyyə Opera və Balet Teatrı balet truppasının bədii rəhbəridir. Əminəm ki, il ərzində onun balet truppası və truppanın ayrı-ayrı solistləri ilə işi, heç şübhəsiz ki, bizim truppanın professional səviyyəsini daha da artıracaq və yüksək nəticələrə nail olmağa imkan verəcəkdir”.

A.Məlikov əlavə edib ki, yaxın vaxtlarda teatrla Rusiyanın görkəmli dirijorlarından biri Andrey Anixanov və məşhur ukraynalı opera rejissoru Nikolay Tretyak arasında birgə fəaliyyət haqqında müqavilə bağlanması nəzərdə tutulur: “Opera və balet sənətinin ən dəyərli nümayəndələri və əsl ustadları ilə əməkdaşlıq təcrübəsi bizdə uzun müddətdir ki, həyata keçirilir və gələcəkdə də bu iş davam etdiriləcəkdir. Hesab edirəm ki, bu uğurlu fəaliyyətimizin əsas səbəblərindən biridir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR