Azərbaycanın əsas pivə istehsalçısı bu il məhsul istehsalını 15% artıracaq

Azərbaycanın əsas pivə istehsalçısı bu il məhsul istehsalını 15% artıracaq
# 30 mart 2012 11:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanın əsas pivə istehsalçısı olan «Baltika-Bakı» zavodu ölkədə pivə istehsalını 2011-ci ilə nisbətən 15% artırmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə «Baltika-Bakı» şirkətinin baş direktoru Adam Tlexuray məlumat verib.

Onun sözlərinə görə, 2011-ci ildə müəssisədə 3,2 mln. dekalitr pivə istehsal olunub ki, 2010-cu ilə nisbətən bu göstərici azalıb: «Bunun əsas səbəbi 2011-ci ilin əvvəlki ilə nisbətən daha soyuq keçməsi ilə bağlı olub. Belə ki, pivə istehsalı əsasən mövsümdən, bu mövsümün nə qədər isti keçməsindən və istehlakdan asılıdır. Məhz buna görə, ötən il biz istehsalı bir qədər azaltmışdıq. Buna baxmayaraq, ölkədə pivə bazarı inkişaf edir».

A.Tlexuray onu da bildirib ki, bu il Bakıda «Eurovision-2102» beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar ölkəyə bir çox xarici qonağın gəlməsi nəzərdə tutulub: «Biz «Xırdalan» pivə brendi ilə «Eurovision-2012»nin rəsmi sponsoru kimi bu il pivə istehsalını 2011-ci ilə nisbətən 15% artırmaq niyyətindəyik». Yəni, müəssisə ötən ilki 3,2 mln. dekalitr əvəzinə bu il 4,8 mln. dekalitr pivə istehsal edəcək.

«Eyni zamanda, bu yay futbol üzrə Avropa çempionatı baş tutacaq ki, futbol həvəskarları adətən oyunları pivə içərək izləyir. Fikrimcə, bu da vacib amillərdən biridir», - deyə müəssisə rəsmisi bildirib.

A.Tlexuray həmçinin qeyd edib ki, 2011-ci ildə «Baltika-Bakı» şirkəti Azərbaycanın dövlət büdcəsinə vergi şəklində 13 mln. manatdan artıq vəsait köçürüb. Halbuki, 2010-cu ildə bu rəqəm 11 mln. manat olub.

«Biz 2008-2009-cu illərdə müəssisənin inkişafına 20 mln. ABŞ dolları məbləğində sərmayə yatırmışıq. Bundan sonra isə hər il zavodun inkişafına bir neçə milyon manat vəsait yönəldirik», - deyə A.Tlexuray vurğulayıb.

Qeyd edək ki, 2008-ci ilin may ayında Rusiyanın «Baltika» pivə zavodu Xırdalanda yerləşən «Baku-Castel» zavodunun 92% səhmini alıb və 2009-cu ilin yanvar ayında sözügedən müəssisə adını «Baltika-Bakı»ya dəyişib. Hazırda zavodun məhsulları Azərbaycanın pivə bazarının 75%-ni əhatə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR