Eynulla Fətullayev Azərbaycan İslam Partiyasının həbsdə olan sabiq sədri ilə görüşüb

Eynulla Fətullayev Azərbaycan İslam Partiyasının həbsdə olan sabiq sədri ilə görüşüb
# 06 iyun 2012 15:07 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “İnsan Haqları Uğrunda” İctimai Birliyin monitorinq qrupu bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib. İctimai Birlikdən APA-ya verilən məlumata görə, monitorinq birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayevin rəhbərliyi ilə aparılıb.
Məlumata görə, monitorinq qrupunun üzvləri məhkumların saxlanma şəraiti ilə və Azərbaycanın penitensiar sistemində həyata keçirilən struktur dəyişikliklərinin və islahatların nəticələri ilə tanış olublar.
Monitorinq qrupu son bir ildə 11 saylı cəzaçəkmə müəssisəsində struktur dəyişiklikləri və islahatlar həyata keçirilməsindən sonra burada qayda-qanunun və saxlanma şəraitinin nümunəvi olması qənaətinə gəlib. E. Fətullayev bildirib ki, bu cəzaçəkmə müəssisəsi digər cəzaçəkmə müəssisələri üçün də örnək ola bilər: “Bizim təşkilat bu vaxta qədər 12 cəzaçəkmə müəssisəsində monitorinq keçirib. Amma məncə, ən yaxşı şərait məhz 11 saylı müəssisədə yaradılıb. Mənə elə gəlir ki, digər müəssisələr buradakı islahatların texnologiyasını özlərində tətbiq etməlidirlər”.
Monitorinq başa çatandan sonra E. Fətullayev onlarla məhkumun xahişini qəbul edərək həmin şəxslərlə görüşüb. Bu məhkumlar arasında Azərbaycan İslam Partiyasının sabiq sədri Mövsüm Səmədov da olub. Məlumata görə, 12 il müddətinə azadlıqdan məhrum edilmiş partiya sədri 11 saylı müəssisəyə yaxın vaxtlarda köçürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR