Son bir ayda Azərbaycanda standartlara cavab verməyən 23 müəssisənin fəaliyyəti dayandırılıb

Son bir ayda Azərbaycanda standartlara cavab verməyən 23 müəssisənin fəaliyyəti dayandırılıb
# 11 iyul 2012 14:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti (TTSDNX) tərəfindən 47 istehsal müəssisəsində aparılan yoxlama və araşdırma nəticəsində 23 müəssisənin fəaliyyəti dayandırılıb.
«APA-Economics»in məlumatına bunu Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bu gün keçirdiyi tədbirdə TTSDNX-nin rəisi Əbülfət İmanov bildirib.
Onun sözlərinə görə, Xidmət yarandığı dövrdən, yəni bu il iyunun 18-dən indiyədək Bakı şəhəri üzrə 15, Sumqayıt Ərazi İdarəsi üzrə 4, Yevlax Ərazi İdarəsi üzrə 5, Gəncə Ərazi İdarəsi üzrə 8, Lənkəran Ərazi İdarəsi üzrə 7, Şəki Ərazi İdarəsi 8 olmaqla ümumilikdə 47 istehsal sahəsində dövlət nəzarəti aparılıb. Aparılmış yoxlamaların nəticəsi olaraq 32 istehsal sahəsində normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsal olunduğuna görə, həmin müəssisələrə iradnamə və istehsalın qadağan olunması barədə 23 tələbnamə, 20 sahibkarlıq subyektinə məhsulların istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilmişdir. İstehsal və satışın qadağan olunması barədə verilmiş tələbnamələrdən 4-ü süd məhsulları, 7-si alkoqolsuz içki, 6-sı çörək məhsulları, 2-si isə neft-mədən avadanlıqlarından qazma qurğusu və qaz balonlarının payına düşür. Eyni zamanda 27 sahibkarlıq subyektində inzibati xəta aşkar olunduğundan protokol tərtib edilərək inzibati qaydada cərimə tətbiq edilib.
Ə.İmanov bildirib ki, 47 sahibkarlıq subyekti üzrə aparılan yoxlamalar zamanı istehsal prosesində müvafiq standartlara cavab verməyən müəssisə və sexlərə 27,9 min manat həcmində cərimə tətbiq edilib ki, bu cərimələrin də artıq 80%-i ödənilib. İstehlakçı hüquqlarının qorunması, əhalinin keyfiyyətli məhsul, mal və xidmətlərlə təminatı, istehlak bazarının təhlükəli və normativ sənədlərin tələblərinə uyğun olmayan məhsullardan qorunması məsələləri Azərbaycanda dövlət siyasətinin əsas tərkib hissələrindən biridir: «Neqativ faktlarla bağlı ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının, yerli icra strukturlarının, bələdiyyələrin, mətbuatın məlumatları xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün Komitənin saytı vasitəsilə, həmçinin 963 qaynar xətt nömrəsi vasitəsilə təhlükəli hesab olunan məhsullar, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr haqqında bizə məlumat verə bilərsiniz».
Konfransda Xidmətin struktur bölmə rəhbərləri ilə yanaşı, Komitə Aparatının Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev də iştirak edib.
Qeyd edək ki, prezidentin müvafiq fərmanına əsasən TTSDNX bu ilin iyun ayından fəaliyyətə başlayıb. Xidmətin fəaliyyət istiqamətlərinə texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarəti, dövlət metroloji nəzarətini həyata keçirmək, texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak etmək və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək aiddir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR