Strateji Araşdırmalar Mərkəzində «Dövlət və dil: reallıq, perspektivlər» mövzusunda dəyirmi masa keçirilib

Strateji Araşdırmalar Mərkəzində «Dövlət və dil: reallıq, perspektivlər» mövzusunda dəyirmi masa keçirilib
# 17 oktyabr 2012 09:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) «Dövlət və dil: reallıq, perspektivlər» mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, müzakirələr dövlət başçısının «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı» ilə bağlı sərəncamına uğun olaraq keçirilir. Dəyirmi masada səsləndirilmiş fikir və təkliflər sistemləşdirilərək Prezident Administrasiyasına təqdim olunacaq.

SAM-ın direktor müavini Gülşən Paşayeva deyib ki, polietnik cəmiyyətlərdə dil olduqca mühüm rola malikdir: “Bəzən həmin cəmiyyətlərdə rəsmi dil deklorativ şəkildə müəyyənləşdirilsə də, çox zaman onun qaydalarına riayət edilməsində problem yaranır. Xüsusilə də kargüzarlıq işlərində dövlət dilinin qaydalarına əməl olunmasına riayət edilmir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı Buludxan Xəlilov Azərbaycan dilinin tarixi inkişaf prosesindən və ictimai-siyasi həyatda tətbiqindən danışıb. KİV-də Azərbaycan dilinin tətbiqi ürəkaçan səviyyədə olmadığını deyən B.Xəlilov bu istiqamətdə müəyyən işlərin görülməsinin, eləcə də orfoqrafiya lüğətlərinin hazırlanmasını, internetdə dil bazasının yaradılmasını təklif edib.

Mili Teleradio Şurasının üzvü Qafar Cəbiyev isə çıxışında mediada dövlət dilindən istifadə sahəsində qüsurların olduğunu vurğulayıb: «Bir il əvvəl efirin 10% dövlət dili ilə olması barədə MTRŞ qərar qəbul etdi. O zaman bizə müəyyən istiqamətlərdən hücumlar da oldu. Lakin bu gün efir 100% dövlət dilindədir. Ayrı-ayrı nazirliklər var ki, onların foyesində gəzərkən özünü başqa ölkədə hiss edirsən. Bəzi məmurlar var ki, məktublarını başqa dillərdə yazırlar».

Q.Cəbiyev təklif edib ki, MTRŞ və Mətbuat Şurasının tərkibində mediada dövlət dilinin vəziyyətinə nəzarət edən daimi işçi qrupları yaradılması vacibdir. Q.Cəbiyev digər qurumları da dövlət dilinə sayğısızlıq göstərməkdə ittiham edib: «Medianın nöqsanları hamının gözü qabağındadır. Digər sahələrdən də danışaq. Müdafiə olunan dissertasiyaların əksəriyyəti başqa dillərdədir. Niyə? İndi hər şeyi rusca yazmaq məcburiyyətində deyilik».

Mövzu ətrafında müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR