“Azərikimya” İB-də Belarus nümayəndə heyəti ilə işgüzar görüş keçirilib

“Azərikimya” İB-də Belarus nümayəndə heyəti ilə işgüzar görüş keçirilib
# 31 oktyabr 2012 16:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics . «Azərikimya» İstehsalat Birliyində Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. İB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə qeyd edilib ki, Azərbaycan və Belarus prezidentlərinin bu ilin avqustunda Minskdə keçirilən görüşünün nəticəsi olaraq Belarus-Azərbaycan ölkələrarası Ticarət-iqtisadi əlaqələr Komissiyasının növbəti yığıncağında hər iki ölkənin neft-kimya sənayesi sahəsində əməkdaşlığın təşkili və genişləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirilib.

«Azərikimya» İB-də keçirilən geniş tərkibli görüşdə Birliyin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qonaqlara Azərbaycanın neft-kimya sənayesinin yaradılması tarixi və inkişaf perspektivləri, o cümlədən yeni yaradılmaqda olan Sumqayıt Kimya Sənaye Parkı haqqında geniş məlumat verib. Neft-kimya məhsullarının qarşılıqlı mübadiləsi və idxal-ixrac həcminin artırılması, Azərbaycanın neft-kimya üzrə yeni layihələrinin reallaşmasında, həmçinin yeni yaradılmış «Sumqayıt Kimya Sənaye Parkı» MMC-nın istehsalat sahələrinin genişləndirilməsində Belarus investorlarının və mütəxəssislərinin iştirakı, qarşılıqlı təcrübə mübadiləsi və s. də görüşün əsas müzakirə mövzusu olub.

Tərəflər neft-kimya sahəsində elmi-texniki və investisiya əməkdaşlığı ilə də bağlı işgüzar müzakirə aparıblar. Bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsi və konkret tədbirlərin həyata keçirilməsinə başlanılması məqsədilə «Azərikimya» İB-nin nümayəndə heyətinin noyabr ayında Belarusa işgüzar səfərinin təşkili planlaşdırılıb. Səfər çərçivəsində Azərbaycan tərəfinin Belarusun neft-kimya müəssisələri və Mogilyovda yaradılmış Azad İqtisadi Zona ilə tanışlığı da nəzərdə tutulub.

Görüşdə «Sumqayıt Kimya Sənaye Parkı» MMC-nın direktoru Mehman Ağayev və Birliyin «Kimyalayihə» İnstitutunun direktoru Rza Rzayev də iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR