Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100-dən artıq nöqtəsində Xocalı soyqırımına dair tədbirlər keçirilir

Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100-dən artıq nöqtəsində Xocalı soyqırımına dair tədbirlər keçirilir
# 23 fevral 2012 13:11 (UTC +04:00)
Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun təmin etdiyi təbliğat materialları əsasında səfirlik, konsulluq, diplomatik nümayəndəliklərin və diaspora təşkilatlarının xətti ilə qeyd olunacaq.
Fondun hazırladığı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli ideoloji vasitəyə çevrilən təbliğat materialları artıq bir çox xarici ölkələrdə yayılıb. Soyqırıma həsr olunmuş anma mərasimlərinin 2005-ci ildən başlayaraq Vaşinqton, Nyu-York, Varşava, London, Pekin, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Roma, Tbilisi, Sarayevo və başqa şəhərlərdə silsilə tədbirlərlə keçirilməsi nəzərdə tutulur.
Anma mərasimlərində Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-şəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, Heydər Əliyev Fondunun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar nümayiş olunacaq.

Anma mərasimlərində Fondun hazırladığı və beynəlxalq ictimaiyyətə ünvanlanmış “Qarabağ həqiqətləri” toplusunun və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabının yayımı nəzərdə tutulur.

“Qarabağ həqiqətləri” bukletlər toplusu Qarabağın tarixi, münaqişənin başlanması, Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya almağa imkan verir. 2005-ci ildən başlayaraq Azərbaycan, rus, ingilis, alman, macar, fransız və digər dillərdə nəşr olunan “Qarabağ həqiqətləri” bukleti bu il də beynəlxalq ictimaiyyətə təqdim olunacaq.

Nəfis şəkildə tərtib edilmiş və yüksək poliqrafik səviyyədə çap olunmuş bukletlər fotoşəkillərlə zəngindir. Bütün bukletlərdə Azərbaycanın xəritəsi verilib və burada Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri göstərilib. Eyni zamanda burada münaqişə nəticəsində dəymiş ziyan, erməni terrorizmi, işğalın qurbanları və s. məlumatlar yer alıb.

İngilis dilində hazırlanmış “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı isə oxuculara milli-tarixi abidələrimizə qarşı ermənilərin törətdiyi vandalizm aktları barədə ətraflı məlumat verir.

Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Heydər Əliyev Fondu tərəfindən Avropa şəhərlərindən birində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı keçiriləcək.

Dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında obyektiv və dürüst informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn bu kimi tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də xarici kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunurlar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR