Ermənistanda saxlanılan Gürcüstan azərbaycanlıları hələ azadlığa buraxılmayıblar

Ermənistanda saxlanılan Gürcüstan azərbaycanlıları hələ azadlığa buraxılmayıblar
# 16 fevral 2007 10:11 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Elxan Poluxov məlumat verib. E.Poluxov bildirib ki, Ermənistanın Noyemberyan rayonu ərazisində həbs olunmuş Təzəkənd kəndinin sakinləri hazırda İrəvanda saxlanılırlar. Onların azadlığa buraxılıb-buraxılmayacağına İrəvan məhkəməsi qərar verəcək. Marneuli rayonu ilə Noyemberyan rayonun sərhədində, Gürcüstanla Ermənistan arasındakı mübahisəli ərazidə tutulan Hüseyn Məmmədovun isə aqibəti hələlik məlum deyil. Çünki Ermənistan sərhədçiləri həmin ərazinin Ermənistana aid olduğunu iddia edirlər. Ermənilərin iki azərbaycanlını azadlığa buraxması barədə yayılan məlumatlara gəlincə, səfirliyin əməkdaşı bildirib ki, həmin şəxslər Sadaxlı kəndinin sakinləridir: “Erməni sərhədçiləri təxminən üç-dörd gün əvvəl mübahisəli zonada çör-çöp toplayan Sadaxlı kəndindən olan iki azərbaycanlını həbs etmək istəyiblər. Həmin şəxslər ər-arvaddır. Yaxşı ki, həmin vaxt bu şəxslərdə mobil telefon olub və onlar kəndlə əlaqə saxlaya biliblər. Nəticədə Marneuli rayonunun rəhbərliyi, polis rəisi işə müdaxilə edib və ermənilərin ər-arvadı tutmasına imkan verilməyib”.
Qeyd edək ki, hazırda Ermənistanda saxlanılan Mehman Əsgərovla Kamandar Mustafayev Noyemberyan rayonu ərazisində ağac kəsərkən tutulublar. Hüseyn Məmmədov isə 6 gün əvvəl Marneuli rayonu ilə Noyemberyan rayonun sərhədində, Gürcüstanla Ermənistan arasındakı mübahisəli ərazidə tutulub. Hazırda Gürcüstan və Ermənistan delimitasiya üzrə komissiyasının üzvləri bu ərazidə araşdırma aparırlar. Hüseyn Məmmədovun hansı ölkəyə məxsus ərazidə saxlanıldığını araşdırılır. Tutulan azərbaycanlılar ailələri ilə əlaqə saxlayaraq səhhətlərinin normal olduğunu bildiriblər./APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR