İnsan alverində günahlandırılan qadınlara hökm oxunub

İnsan alverində günahlandırılan qadınlara hökm oxunub
# 16 fevral 2007 12:49 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Abid Abdinbəyovun sədrliyi ilə insan alveri ilə məşğul olan Ərkinaz Abdullayeva və Fərqanə Mustafayevaya hökm oxunub. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Ə.Abdullayevaya 2, F.Mustafayevaya isə 1 il müddətində azadlıqdan məhrum etmə cəzası verilib. İttiham aktına görə, Ə.Abdullayeva mütəşəkkil dəstə tərkibində gəlir əldə etmək məqsədilə qadınları, yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edib və fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edərək bir qrup şəxslə qadınları cinsi istismar etmək məqsədilə Azərbaycanın dövlət sərhədindən keçirib və fahişəliyə cəlb etməklə insan alveri cinayətini törədib. Belə ki, Ə.Abdullayeva ögey bacısı F.Mustafayeva ilə kirayədə yaşadıqları mənzildə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edərək, yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edib. Ə.Abdullayeva tanışı Sevinc İsrafilova ilə qadınların cinsi istismar edilməsi məqsədilə Azərbaycanın dövlət sərhədindən keçirilməsi üçün cinayət əlaqəsinə girib. O, 2005-ci ilin dekabr ayından S.İsrafilovanın tapşırığı ilə bir neçə qadını Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə fahişəliklə məşğul olmaq üçün apararaq S.İsrafilovaya təhvil verib. Ə.Abdullayeva Cinayət Məcəlləsinin 144-cü (insan alveri), 171.2.2-ci (mütəşəkkil dəstə tərəfindən yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə), 243.2.2-ci (mütəşəkkil dəstə tərəfindən fahişəliyə cəlb etmə) və 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama), F. Mustafayeva isə CM-nin 171.2.2, 243.2.2 və 244.2.2-ci maddələri ilə təqsirləndirilirdi. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR