Bakıda Azərbaycan və İran arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və İran arasında siyasi məsləhətləşmələr keçirilib
# 13 mart 2014 15:35 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakıda Azərbaycan və İran xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, danışıqlarda Azərbaycan nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, İran nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini İbrahim Rəhimpur başçılıq edib.

Görüş zamanı X.Xələfov iranlı həmkarının Bakıya səfərinin Azərbaycan-İran münasibətlərinin inkişafı baxımından vacib olduğunu qeyd edib. O, Azərbaycanın İranla münasibətlərə önəm verdiyini bildirərək iki ölkə arasında iqtisadi-ticarət, nəqliyyat-kommunikasiya, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.

X.Xələfov Azərbaycanla İran arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini önə çəkib. Mütəmadi olaraq müxtəlif səviyyələrdə dialoqun aparıldığını deyən nazir müavini iki ölkə arasında münasibətlərin səviyyəsinin regionda sabitlik və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin faydalı olduğunu bildirib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan X.Xələfov ölkəmizin ərazisinin 20 faizinin, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 km-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasının, regionda sülh və təhlükəsizliyin təmin edilməsinin, davamlı iqtisadi inkişafın qarşısında əsas maneə olduğunu bildirib. Nazir müavini Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində regionda həyata keçirilən irimiqyaslı layihələrdən kənarda qaldığını qeyd edib, habelə Azərbaycanın işğal altında olan və nəzarətsiz qalmış ərazilərinin region üçün əsas təhlükə mənbəyi olduğunu vurğulayıb. X.Xələfov münaqişənin həll olunması üçün dünya birliyi, xüsusilə də region dövlətləri tərəfindən Ermənistana təsir göstərilməsinin vacibliyini qeyd edib.

Öz növbəsində İran xarici işlər nazirinin müavini İ.Rəhimpur isə Azərbaycana səfərindən məmnun olduğunu bildirib. Ölkəmizin İran üçün mühüm tərəfdaş olduğunu deyən diplomat Azərbaycanla regional və beynəlxalq müstəvidə əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb. Azərbaycanın xarici siyasətini dünyada gedən proseslərə uyğun olaraq uğurla aparıldığını bildirən İ.Rəhimpur son 22 ildə ölkəmizin olduqca inkişaf etdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR