Çingiz Hüseynzadə: “Bu adam özündən küsməlidi” - MÜSAHİBƏ

Çingiz Hüseynzadə: “Bu adam özündən küsməlidi” - <span style="color: red;">MÜSAHİBƏ
# 25 dekabr 2014 07:42 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin apasport.az saytına müsahibəsi

- 2014-cü ilin başa çatmasına günlər qalır. Tarixin yaddaşına qovuşacaq ili Azərbaycan idmanı üçün necə qiymətləndirərdiniz?

- Bu il Azərbaycan idmanı üçün çox uğurlu oldu. Hər il olduğu kimi, idmançılarımız beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında yüksək nəticələr göstəriblər. Bununla belə, 2014-cü ilin ən böyük yarışı və uğuru avqustda Nanjinqdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarının olduğunu deməliyəm. Çində kiçik bir heyətlə çıxış edən Azərbaycan millisi 12 medal qazandı və komanda hesabında 204 ölkə arasında 10-cu yeri tutdu. Bu, çox böyük uğurdu. Təsadüfü deyil ki, bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində ilin yekunları ilə bağlı idmançılarla görüşündə də 2014-cü ilin ən böyük uğuru kimi məhz yarışı qeyd etdi. Ümumiyyətlə, hər il olduğu kimi Azərbaycan idmançıları medallarının sayını, həmçinin yarışlarda iştirakını da artırırlar. Hesab edirəm ki, 2014-cü il gələn il keçiriləcək Avropa Oyunları ərəfəsində çox uğurlu alındı. Artıq 2015-ci ilə baxırıq və Avropa Oyunlarını gözləyirik.

- 2015-ci ildə keçiriləcək Avropa Oyunlarını xüsusi vurğuladız. Bu yarışdan nə gözləyirik və bizim üçün mühüm olacaq yeni il barədə nə deyə bilərsiz?

- Gələn il bizim üçün tarixi bir hadisə olacaq. Avropa Oyunları ilk dəfə keçiriləcək və bu ilkə ev sahibliyini Bakı edəcək. Bu, çox böyük məsuliyyətdi. Əlbəttə, bu yarış üçün çox ciddi hazırlıq aparmaq lazımdı. Hazırda bu davam edir, idman obyektlərində işlər gedir. Bu, təkcə idman obyektlərində deyil, yarışların keçirilməsi ilə bağlı bir sıra kompleks məsələlər var ki, onların həllini tapmaq lazımdı. Burada könüllülərin iştirakı, yarışların təşkili, nəqliyyat problemləri, çoxsaylı qonaqların qəbulu və yerləşdirilməsi kimi məsələlər var. Bu, çox böyük və vacib məslələrdi. Ümid edirəm ki, bütün bunlar uğurla başa çatacaq və bu yarış tarixdə nəinki ilk Oyunlar, hətta ən yaxşı oyunlar kimi qalacaq.

- Avropa Oyunlarında hədəf və ya neçənci yeri tutmaq müəyyənləşibmi?

- Bilirsiz, biz Oyunlardan öncə qarşımıza nəsə məqsəd qoymuruq. Lakin ev sahibi kimi maksimum nəticələr qazanmağa, yaxşı çıxış etməyə çalışacağıq. Amma Avropa Oyunlarının proqramında yer alan bəzi idman növləri var ki, Azərbaycanda az inkişaf edib və orada böyük uğurlar gözləməyəcəyimiz aydındı. Bizim üçün yeni idman növləridi. Elə idman növləri də var ki, bizim üçün ənənəvidi və biz orada maksimum medal qazanmağa çalışacağıq.

- Siz eyni zamanda, Atletika Federasiyasının prezidentisiz. Bu idman növündə atletlərimizin çıxışını necə qiymətləndirirsiz?

- 2014-cü il federasiyamız üçün də uğurlu il olub. Biz Avropa çempionatlarında, qitənin kubok yarışlarında bir çox mötəbər yarışlarda iştirak etmişik. İlk dəfə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazanmışıq. Bu, böyük nailiyyətdi.

- Yığmamızın sabiq üzvü Ramil Quliyev Türkiyə getdikdən sonra bir sıra mötəbər yarışlara qatılmır. Necə fikirləşirsiz, o qonşu ölkəyə getməklə nəsə itirib, yoxsa...?

- Əlbəttə, itirib. Bu adam özündən küsməlidi. Yəni, burada olan yaxşı şəraiti, yaxşı imkanları qoyub nəyinsə ardınca qaçdı və nəticəsi də hamıya məlumdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR