Gürcüstanda nazir azərbaycanlı abituriyentlərin sınaq imtahanlarında iştirak edib - FOTO

Gürcüstanda nazir azərbaycanlı abituriyentlərin sınaq imtahanlarında iştirak edib - <span style="color: red;">FOTO
# 20 iyun 2014 13:16 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir Marneulidəki AtaHoldinq İdman Sarayında təşkil olunan sınaq imtahanlarında iştirak edib.

Tədbiri P.Zakareişvilinin Kvemo-Kartli bölgəsi üzrə müşaviri Zaur Darğallı açıb. Sonra dövlət naziri P. Zakareişvili, Milli İmtahan Mərkəzinin rəhbəri Maya Miminoşvili və Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili çıxış ediblər.

P. Zakareişvili APA-ya açıqlamasında azərbaycanlı abituriyentlər üçün sınaq imtahanlarının vacib olduğunu bildirib: “Bu tədbiri keçirməklə, biz təhsil nazirliyinə kömək edirik. Bu, vacib və əhəmiyyətli bir məsələdir. Nazirlik etnik azlıqların, o cümlədən azərbaycanlıların Gürcüstanın ali məktəblərinə qəbul olunması və müxtəlif ixtisaslara yiyələnmələri üçün hər il “1+4” proqramı üzrə layihə hazırlayır”.

Nazir qeyd edib ki, hələlik etnik azlıqların nümayəndələri qəbul zamanı birbaşa dövlət imtahanı verməkdə çətinlik çəkirlər. “Sözügedən proqram üzrə isə abituriyentlər bir il gürcü dilini öyrənəcəklər və sonra istədikləri ixtisas üzrə ali məktəbdə təhsil alacaqlar. Biz nazirlik olaraq, sınaq imtahanlarında azərbaycanlı abituriyentləri dəstəkləyirik. Bu gün bu tədbiri ona görə təşkil edirik ki, abituriyentlər testlərə öyrəşsinlər. Burada qiymətləndirmə aparılmır, sadəcə olaraq, onların imtahanlarda özlərini sərbəst hiss etmələri üçün sınaq imtahanları keçiririk. Sınaq imtahanları keçirməklə dövlət onlara imkan yaradır ki, dövlət dilini yaxşı öyrənsinlər. Fikirimcə, bu sınaq imtahanlarını modernləşdirilmiş imtahan adlandırmaq olar”, - deyə o vurğulayıb.

Gürcüstan Təhsil və Elm Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli İmtahan Mərkəzinin rəhbəri Maya Miminoşvili isə bildirib ki, bu gün 250 nəfər azərbaycanlı abituriyent 1,5 saat ərzində özlərini sınaqdan keçirib: “Bu sınaqlardan uğurla keçən və imtahanın test suallarına öyrəşən abituriyentlərlə bir həftədən sonra Milli İmtahan Mərkəzində görüşəcəyik. İstəyimiz odur ki, yerli ali məktəblərə daha çox azərbaycanlı gənc qəbul olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR