Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrinə yeni avadanlıqlar alınması prosesinə başlayıb

Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrinə yeni avadanlıqlar alınması prosesinə başlayıb
# 27 yanvar 2014 14:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin alınması prosesinə start verib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, İsmayıllı Peşə Tədris Mərkəzi, Balakən 1 nömrəli Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə Liseyi, Quba Peşə Liseyi, Şamaxı Peşə Liseyi, Göyçay Peşə Liseyi üçün 6 traktor, 4 otbağlayan, 7 traktor qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və qarğıdalı yığan kombayn, 3 dərman çiləyici, 2 gübrəsəpən, 1 yem üyüdən texnika alınıb.

Qeyd olunub ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə müvafiq texnika, avadanlıq, əyani və texniki vasitələr 25-30 il əvvəl verilib. Təhsil Nazirliyi kənd təsərrüfatının ixtisaslı kadrlara olan tələbatının daha dolğun ödənilməsi və müvafiq təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə başladığı işləri davam etdirəcək. Bu istiqamətdə aparılan islahatların əsas məqsədi kənd təsərrüfatı üzrə ilk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR