Azərbaycanda «Ticarət haqqında» qanunun qəbul edilməsi təklif olunur

Azərbaycanda «Ticarət haqqında» qanunun qəbul edilməsi təklif olunur
# 27 noyabr 2013 10:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda kiçik sahibkarlıq fəaliyyəti və ticarət sektorunun inkişaf etdirilməsi üçün «Ticarət haqqında» qanunun qəbul edilməsi vacibdir. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov bildirib: «Azərbaycanda ticarət siyasətini müəyyənləşdirən dövlət qurum da yoxdur. Hələ 1999-cu ildə Ticarət Nazirliyinin bazasında İqtisadi İnkişaf Nazirliyi yaradılmışdı və orada belə bir sektor olub. Lakin hazırkı Nazirliyin adına dəyişiklik edilib və yenə də bu qurumun adında «ticarət» sözü yoxdur. Həmçinin, vaxtı ikən mövcud olan ticarət sektoru da bu gün mövcud deyil. Ticarət sektorunun kim tərəfindən kuratorluq edildiyi məlum deyil».

S.Rəhmanov deyib ki, məsələ ilə bağlı o, dəfələrlə İqtisadiyyat və Sənaye Nazirliyinə və Nazirlər Kabinetinə müraciət edib: «Lakin müraciətlərim 15 ildir cavabsız qalır. Bu gün Azərbaycanın ticarət sektorunda 1 mln.-a yaxın insan çalışır. Bütün istehlakımız ticarətdən asılıdır. Xatırladım ki, Nazirlər Kabinetinin 1998-ci ildə ticarətlə bağlı qərar qəbul edib və bu sənəddə reallıqda işləmir. Həmin qərara əsasən, ticarətdə mal dövriyyəsi hesab-faktura sisteminə əsaslanmalıdır. Lakin bu gün onlar yoxdur. Bu səbəbdən də vergidən yayınma halları baş verir, gizli iqtisadiyyat formalaşır. Ona görə də, belə bir qanunun qəbul edilməsi labüddür».

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimli Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri S.Rəhmanova belə bir qanun layihəsini hazırlamağı tövsiyə edib. Ə.Məsimli bu sənədin parlamentdə müzakirəyə çıxarılmasına əllərindən gələni əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR