Təhsil Nazirliyi: Valideynlər təhsil prosesində daha yaxından iştirak etməlidirlər

Təhsil Nazirliyi: Valideynlər təhsil prosesində daha yaxından iştirak etməlidirlər
# 12 aprel 2014 11:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Valideynlərin məktəbə cəlbi məsələsi Təhsil Nazirliyi üçün hər zaman aktual olub”.

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. Bəzi valideynlər arasında maarifləndirmə tədbirlərinin davamlı olaraq həyata keçirildiyini deyən A.Əhmədov bildirib ki, valideynlər təhsil prosesində daha yaxından iştirak etməlidirlər. Onun sözlərinə görə, təhsin keyfiyyətinə, ictimai idarə olunmasına, təhsilin məzmununa, dərsliklərdən tutmuş proqramlara qədər olan məsələlərə valideynlər tərəfindən də münasibət bildirilməsi çox önəmlidir. Nazirlik rəsmisi qeyd edib ki, bu mənada məktəb-valideyn əlaqələrinin qurulması həmişə təhsilin diqqət mərkəzində olub: “Bu gün hər bir məktəbdə və sinifdə valideynlər komitələri var. Təbii ki, onların fəaliyyəti hər məktəbdə eyni səviyyədə deyil. Elə məktəblər var ki, orada hətta Valideyn-Müəllim Assosiasiyası fəaliyyət göstərir. Biz çox istərdik ki, valideynlər məktəbə ancaq uşaqlarının şəxsi problemləri ilə əlaqədar gəlməsinlər. Məktəbin qapıları valideynin üzünə hər zaman açıqdır. Onlar hər hansı məsələ, uşaqların təhsilləri ilə bağlı daim müraciət edə bilərlər. Amma çox müşahidə olunan hallar budur ki, valideynlər ancaq uşağının şəxsi məsələsi, problemi ilə əlaqədar müraciət edir”.

A.Əhmədov qeyd edib ki, xarici ölkələrin təcrübəsində valideyn assosiasiya, birliklər bilavasitə məktəbin işinə köməklik edir, hansısa məsələyə lap tənqidi münasibət göstərsələr də, bu işin daha da normallaşmasına xidmət edən təkliflərlə çıxış edirlər: “Azərbaycanda bu məsələlər valideynin bir növ təhsildə baş verənləri hansı səviyyədə başa düşməsi və ona olan münasibətindən də asılıdır. Lakin məktəbin inkişafında hamı iştirak etməli, öz bacarığını istifadə etməlidir. Bunların həyata keçirilməsində valideynlərdən çox şey asılıdır. İstərdik ki, valideynlər müəyyən təhsil proqramları, baş verən yeniliklər barədə ancaq evdə bir-biriləri ilə danışmasınlar. Bu barədə məktəblərə fikirlərini bildirsinlər və təkliflərini versinlər. Valideynlər öz sözlərini deyərək bizə köməklik göstərə bilərlər. Biz bunu istəyirik. Onların təhsil prosesinə yaxşı mənada müdaxiləsi, təhsilin məzmunu haqqında fikirləri çox önəmlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR