Bəhram Xəlilov: “Azərbaycanda 30 min dövlət qulluqçusu var” - MUSAHİBƏ

<b>Bəhram Xəlilov: “Azərbaycanda 30 min dövlət qulluqçusu var” - <span style="color: red;">MUSAHİBƏ </b>
# 20 yanvar 2014 10:38 (UTC +04:00)

- Azərbaycanda dövlət qulluğunda vakant yerlərə imtahanların keçirilməsi nə zamandan aparılır və hansı formada həyata keçirilir?

- Dövlət Qulluğu məsələləri üzrə Komissiya 2006-cı ilin sonlarından fəaliyyətə başlayıb. Dövlət Qulluğuna qəbulla bağlı ilki müsabiqəni isə 2007-ci ildə keçirmişik. Bu bizim ilk təcrübəmiz idi. Bu günə kimi 15 müsabiqə keçirmişik. Dövlət Qulluğundakı vakant vəzifələri müsabiqəyə çıxarmışıq. Onların tutulması üçün hər iki mərhələni - həm test imtahanını, həm də müsahibə mərhələsini keçirmişik.

- Ümumiyyətlə, dövlət qulluqçusu olmaq nə deməkdir, bu işçiyə hansı üstünlükləri verir və kimlər dövlət qulluqçularıdır?

- “Dövlət qulluğu” anlayışının izahatı "Dövlət Qulluğu haqqında" qanunda verilib. Bu dövlət büdcəsindən maaş alan, inzibati vəzifə tutan şəxsdir. Dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olması ilə bağlı and içən şəxsdir. Dövlət qulluqçusu olmaq insanların üzərinə məsuliyyət qoyur. Çünki onlar bu inzibati vəzifəni tutarkən dövlətin adından bizim vətəndaşlara xidmət göstərir. Hər bir dövlət qulluqçusu, dövlət qulluğuna yeni qəbul olunmuş şəxs bunu dərk etməlidir. İlk növbədə işində insanların hüquq və maraqlarını müdafiə etməlidir.

- Dövlət qulluqçuları reyestrində neçə qulluqçu qeydiyyatdadır?

- Ümumi dövlət qulluqçularının sayı 30 minə yaxındır. Bildiyiniz kimi, komissiya dövlət qulluqçularının reyestrini aparır. Dövlət qulluqçusunun 7 təsnifatı var ki, komissiyaya da 5,6,7-ci təsnifatlar üzrə qəbul aparmaq tapşırılıb. Hazırda bizdə dövlət qulluqçuları ilə bağlı 28 minə qədər anket var. Onlardan 20 mini artıq emal edilib. Digərlərinin emalı da yaxın vaxtlarda başa çatacaq.

- Komissiya hansı dövlət qurumlarına imtahan keçirmir və bunun səbəbi nədir?

- Komissiya 200-dən çox dövlət orqanına müsabiqə yolu ilə dövlət qulluqçularını qəbul edir. Bir sıra dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları, Xarici İşlər Nazirliyi, Miqrasiya Xidməti qəbulu özləri keçirirlər. Bu da ondan asılıdır ki, həmin dövlət orqanlarının öz xüsusiyyətləri var, onlar imtahanları bu xüsusiyyətləri nəzərə alaraq keçirir. Bildiyiniz kimi, hüquq-mühafizə orqanlarında yaş həddi də var. Biz keçirdiyimiz müsabiqələrdə yaş həddi yoxdur. İmtahanlarımızda 60-dan çox yaşı olan insanlara da iştirak edir. Bizdə hətta 57 yaşlı insan da hər iki mərhələdən keçərək dövlət qulluqçusu olub. Birinci mərhələni biz istənilən dövlət orqanları, qurumlar üçün keçirə bilərik. Bildiniz kimi, Azərbaycanda ilk dəfə olaraq komissiya bu imtahanları kompüter vasitəsi ilə keçirməyə başladı. Artıq bizim 3 kompüter zalımız, 126 kompüterimiz var. Yəni digər dövlət orqanları ilə də biz əməkdaşlıq etməyə və test imtahanlarını keçirməyə hazırıq.

- Müsabiqənin nə zaman olacağı və vakant vəzifələr necə müəyyənləşir?

- Bu zamanı həyat özü müəyyənləşdirir. Yəni biz məqsəd qoymuruq ki, bu il ərzində 3 və ya 5 müsabiqə keçirəcəyik. Vakant vəzifələri dövlət orqanları bizə təqdim edirlər. Biz onların hamısını elan edirik. Vakant vəzifələri müsabiqəyə çıxaranda ona dair bütün məlumatları saytda yerləşdiririk. Bunu da Azərbaycanda ilk dəfə komissiya edib. Həm dövlət qulluğunun tutulması üçün tələblər, o cümlədən ixtisas, xüsusi biliklərə dair tələblər, vəzifə təlimatları, dövlət qulluğu vəzifəsinin yerləşdiyi yer, əmək haqqı-bütün bu məlumatların hamısı yerləşdirilir. Təbii ki, bunların hamısını hazırlamaq üçün vaxt lazımdır. Biz dövlət qurumlarından bütün bu məlumatları toplayıb hazırladıqdan sonra bu məlumatları veririk.

- Suallar kimlər tərəfindən hazırlanır?

- "Test bankı"mızda 15 mindən artıq sual var. Bunları bizdə ekspertlər hazırlayır. Digər ekspertlər onu ekspertizadan keçirir. Komissiyada təkrar yoxlama olduqdan sonra "Test bankı"na salınır.

- İkinci mərhələdə müsahibədən keçmək üçün hansı meyarlar əsas götürülür və müsahibənin şəffaflığı üçün hansı tədbirlər görülür?

- Müsahibə mərhələsi cəmiyyətdə ən çox sual doğuran mərhələdir. İlk müsahibəni keçirdiyimiz vaxtdan çalışmışıq ki bu proses tam obyektiv və şəffaf olsun. Bunun üçün hər il bir sıra tədbirlər görürük, get-gedə inkişaf etdiririk. İlk növbədə müsahibə qrupları 3 nəfərdən ibarət olur. Bir nəfər dövlət orqanının nümayəndəsi, bir nəfər komissiyanın nümayəndəsi və bir nəfər də müstəqil ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələridir. Onlar müsahibənin aparılması prosesində iştirak edirlər və namizədin dövlət qulluğuna uyğun olub-olmaması barədə qərarı qəbul edirlər. Digər bir məsələ odur ki, biz bütün müsahibələrin çəkilişini aparırıq. Hansısa bir namizəd müsahibə qrupunun qərarından narazı olduğu halda apelyasiya verdikdə o material bizim üçün faktiki çəkiliş olur. Bunun əsasında bu apelyasiya komissiyası şikayətə baxıb qərar qəbul edir. Dediklərimdən başqa, biz həmin müsahibələri açıq elan etmişik. Kütləvi İnformasiya Vasitələri, QHT, Beynəlxalq təşkilatların nümayəndələri bizdə akkreditasiyadan keçib, həmin müsahibədə müşahidəçi kimi iştirak edə bilərlər. O prosesi izləyib, ondan sonra öz fikirlərini söyləyə bilərlər. Yəni kiminsə deməyi ilə yox, özləri müsahibənin gedişatına baxıb müsahibə necə gedir, müsahibə qrupu namizədlə necə rəftar edir bunları görə bilərlər. Çünki komissiya müsahibə qrupunun üzvlərinin hamısına göstəriş verilib ki, namizədlərə heç bir təzyiq göstərilməməlidir. Çünki bəzi hallarda müsahibələr keçiriləndə namizədlərə təzyiqlər göstərilir, qeyri-etik davranış olur. Əsas odur ki, biz insanı, onun şəxsi keyfiyyətlərini, biliklərini müəyyən edək və düzgün qərar qəbul edək. Hazırda Azərbaycan böyük templərlə inkişaf edir. Hər bir dövlət qurumun qarşısında cənab prezident tərəfindən vəzifələr, məqsədlər qoyulub. Bunları yerinə yetirmək üçün bizə çox peşəkar, bilikli, şəxsi keyfiyyətləri yüksək səviyyədə olan şəxslər lazımdır. Müsahibədə də əsas məqsəd belə insanları müəyyən edib onları dövlət qulluğu vəzifələrinə təqdim etməkdir.

- Komissiyanın xətti ilə neçə nəfər dövlət qulluqçusu adını alıb?

- 3 mindən çox namizəd dövlət qulluğu vəzifəsinə uyğun hesab edilib. 2300 dövlət qulluğu vəzifəsinə təyin olunub və dövlət qulluqçusu statusunu alıb. Təyin olunmayan namizədlər isə ehtiyat kadrlar siyahısına daxil edilir.

- Komissiyada neçə nəfər ehtiyat kadr olaraq qeydiyyatdadır və ümumiyyətlə, yeni müsabiqəyə kimi bu şəxslər işlə təmin olunurlarmı?

- Bu rəqəm hər gün dəyişir. Bu gün bizdə ehtiyat kadrlar siyahısında 250 nəfər var. Ona görə hər gün dəyişir ki, biz bunları işlə təmin edirik, dövlət orqanlarından sorğular olur. Bu yaxınlarda elə ehtiyat kadrdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 16 nəfər təyin edilib. Bu proses gündəlik, mütəmadi gedən prosesdir. Çox yaxşı bir haldır ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın xətti ilə dövlət qulluğuna keçən insanlar yaxşı vəzifələrdə çalışır, karyera qurublar, irəliləyişlər ediblər. Biz bundan sonra da çalışacağıq ki, layiqli vətəndaşlarımızı dövlət qulluğuna cəlb edək. Onlar ehtiyat kadrda iki il ərzində saxlanılırlar. Belə bir məhdudiyyət var. Biz çalışırıq ki, 2 il ərzində onları ixtisaslarına uyğun işlə təmin edək. İşlə təmin olunmadıqları halda onlar ehtiyat kadrlar siyahısından çıxarılırlar.

- Dövlət Qulluğuna maraq necədir? Burada qadınların və gənclərin iştirakı hansı səviyyədədir?

- Maraq müsabiqədən-müsabiqəyə artır. Birincisi, bu onun nəticəsidir ki, cəmiyyətdə, vətəndaşlarda etimad yaranır ki, onlar yalnız və yalnız öz biliklərinə, şəxsi keyfiyyətlərinə arxalanaraq onlar qəbul edilə bilərlər. Digər meyarlar burada istisna olunur. Azərbaycanda gənclərlə bağlı bir neçə dövlət proqramı qəbul olunub. Bu proqramlar cənab prezident tərəfindən təsdiq olunub. Gənclərin dövlət qulluğuna cəlb olunması da bu proqramda göstərilib. Deyə bilərəm ki, dövlət qulluğuna komissiya vasitəsi ilə qəbul olunan şəxslərin 80 faizi gənclərdir. Bu çox yaxşı bir haldır ki, ali təhsil müəssisələrini bitirmiş şəxslər birbaşa gəlib bizdə müsabiqələrdə iştirak edə bilərlər və dövlət qulluğuna qəbul edilə bilərlər. Müsabiqədə iştirak edən qadınların ümumi sayın 24 faizini təşkil edir. Dövlət qulluğuna qəbul edilənlərin içində isə 30 faizdir. Qadınlar burada kişilərə nisbətən daha yaxşı göstərici göstərirlər. Gender məsələlərinə də biz çox diqqət yetiririk. Hər müsabiqədə qadınların sayı artır. Bizdə hər cür şərait yaradılıb ki, qadınlar da eyni hüquqlu şəkildə müsabiqədə iştirak etsin. Bizə çox vaxt xaricdən gələn mütəxəssislər, ekspertlər sual edirlər ki, qadınlara da eyni şərait yaradın. Bu qanunvericilikdə nəzərdə tutulub. Bizdə elə bir problem də yoxdur ki, qadınlara hansısa məhdudiyyət olsun. İlk müsabiqələrdə belə hallar olurdu, bizə dövlət orqanları deyirdilər ki, buraya kişi lazımdır, qadın işləyə bilməz. Biz də bunu aradan qaldırdıq. Çünki bu birbaşa diskriminasiyadır. İndi elə bir problemlər yaranmır. Olsa da subyektiv problemləridir, obyektiv deyil. O subyektləri də aradan qaldırmışıq.

- Müsahibələrinizdə Dövlət Qulluğu Məcəlləsinin hazırlandığını demişdiniz. Bu proses nə zamana bitəcək və müsbət tərəfləri nədir?

- Dövlət qulluğu qanunvericiliyi keçən əsrin sonunda başlayaraq formalaşır. Bu illər ərzində bir çox normativ hüquqi aktlar qəbul edilib. 30 yaxın qanın 100-ə qədər normativ hüquqi akt qəbul edilib. Gündəlik işlərdə bunların tətbiqi çətinlik yaradırdı. Belə bir qərara gəldik ki, dövlət qulluğunu tənzimləyən bütün normativ hüquqi aktları bir araya gətirək və məcəllə hazırlayaq. Bu məcəllənin ilkin variantı hazırlanıb. hazırda biz ekspertlər cəlb etmişik. Bütün dövlət qurumlarından rəy aldıq, QHT və KİV nümayəndələri ilə dəyirmi masalar keçirdik. Onlarında fikir, təklif və rəylərini öyrəndik. Bütün bunları nəzərə alaraq məcəlləni işləyib ən yüksək səviyyəyə çatdırmaq üçün biz ekspertlər cəlb etmişik. Onlar işləyir və hesab edirik ki, bu ilin birinci yarısında biz məcəllənin son variantını hazır edəcəyik. Həmin məcəllə də bizim internet səhifəmizdə yerləşdirilib. İstənilən şəxs onunla tanış olub öz təkliflərini verə bilər.

- Yaşı 65-i ötən dövlət qulluqçularının işdən azad edilməsi hansı formada aparılır və hansı halda onların işləmə müddəti uzadılır?

- Bu prosesi biz aparmırıq, hər bir dövlət orqanının rəhbəri özü qərar verir. Dövlət qulluqçusunun 65 yaşının tamam olması onun dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Dövlət orqanı qərar verə bilər ki, onun müqaviləsi 1 il uzadılsın və daha sonra 1 il də uzada bilər. Bunu dövlət orqanın rəhbəri 65 yaşa çatmış şəxsin təcrübəsini, biliklərini nəzərə alaraq özü qəbul edir.

- Əmək haqlarının xidməti fəaliyyətə görə müəyyənləşdirilməsi ilə bağlı sənədin hazırlanmasının 2014-cü ildə bitəcəyini bildirmisiniz. Bu proses necə gedir?

- Bu ilk olaraq dövlət proqramlarında nəzərdə tutulub və motivasiya, həvəsləndirmə məsələsinə yönəlib. Yaxşı işləyən dövlət qulluqçusu digərləri ilə müqayisədə daha yaxşı məvacib almalıdır. Belə bir qərar qəbul edilib və Dövlət Proqramında bu öz əksini tapıb ki, dövlət qulluqçularının fəaliyyəti hər il qiymətləndirilsin və belə bir sistem yaradılsın ki, onlarım əmək haqları həmin qiymətləndirmənin nəticələrinə görə müəyyən edilsin. Bizdə çox vaxt yaxşı işləyən də işə çox ciddi canla yanaşmayan da eyni əmək haqqını alır. Bu da təbii ki, yaxşı işləyəndə heç bir motivasiyanın olmamasına gətirib çıxarır. Xidməti fəaliyyətin qiymətləndirmə qaydaları artıq müəyyənləşib. Biz artıq onu Ədliyyə Nazirliyinə təqdim etmişik. Hesab edirik ki, bu ilin sonundan xidməti fəaliyyətin qiymətləndirilməsi sistemini bütün dövlət orqanlarında həyata keçirməyə başlayacağıq. Bununla paralel olaraq qiymətləndirmənin nəticəsinə əsaslanan əmək haqqı barəsində də biz bir neçə təkliflər hazırlamışıq. Bir neçə dövlət orqanı və komissiya üzvlərindən ibarət komissiya yaradılıb. Təkliflər hazır olduqdan sonra biz bunu müvafiq dövlət qurumlarına təqdim edəcəyik.

- Qurumlarda bütün dövlət qulluqçuları ancaq imtahan yolu ilə seçilir, yoxsa kənardan qəbul olmalar da var? Kənardan qəbul olmalar hansı formada olur?

- Qanunvericiliyə əsasən, 5-7-ci təsnifata aid olan dövlət qulluğu vəzifələri müsabiqə ilə tutulurlar, komissiya həmin təsnifatlara aid vakansiyalar verir və müsabiqə keçirir. Digər vəzifələr isə dövlət orqanının rəhbəri tərəfindən təyin edilir. Müsabiqə ilə qəbul olunmalı olan təsnifata kənardan qəbul olmalar bir halda ola bilər ki, hansısa bir şəxslə əmək müqaviləsi imzalanır, o dövlət qulluqçusu hesab edilmir. Elə bir vakant vəzifə varsa, bunu dövlət orqanı dərhal bizə təqdim etməlidir və biz onu müsabiqəyə çıxarmalıyıq. Müsabiqə yolu ilə hətta həmin vəzifəni müvəqqəti icra edən şəxs də gəlib keçə bilər. Bu cür hallar da olur. Digər şəxs keçirsə, vəzifəni icra edən şəxslə əmək müqaviləsinə xitam verilir və onun yerinə müsabiqədə nailiyyət əldə etmiş şəxs təyin olunur. Bütün digər halların hamısı qanun pozuntusudur. Qanun pozuntusu ilə dövlət qulluğuna qəbul edilən şəxslərin müqavilələrinə dərhal xitam verilməlidir.

- Bir müddət əvvəl müəllim və həkimləri dövlət qulluqçusu olması ilə bağlı məsələ gündəmdə idi. Bu məsələ yenə müzakirə edilə bilər?

- Bu təkliflər hazırlananda bizim komissiyanın rəyi nəzərə alınmamışdı. Amma təbii ki, bu dövlət qulluğuna aid olduğu üçün həmin konsepsiya hazırlanmalı idi. Ona dair rəy və təklifləri bizdən də istəmişdilər. Biz o rəy və təkliflərimizi təqdim etmişik. Məndə olan məlumata görə, belə bir konsepsiya hazırlanır. Müəllim və həkimlər də büdcədən maliyyələşən şəxslərdir, bir çox ölkələrdə onlar da dövlət qulluğuna aid edilmirlər. Biz Türkiyənin kadrlar idarəsi ilə əməkdaşlıq edirik. Bu ölkədə onlar dövlət qulluqçuları hesab edilirlər. Hazırda onlarda belə bir qanun hazırlanır ki, dövlət qulluğundan çıxarılsınlar. Digər status olmalıdır. Dövlət qulluğu məmur işidir. Həkim və müəllimlik isə praktik işdir. Onlara aid siyasətin müəyyənləşməsində iştirak etmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR