Leyla Əliyeva: “Bugündən “Xocalıya ədalət” kampaniyasının fəaliyyətinin yeni mərhələsi başlanır” - FOTOSESSİYA

Leyla Əliyeva: “Bugündən “Xocalıya ədalət” kampaniyasının fəaliyyətinin yeni mərhələsi başlanır” - <span style="color: red;">FOTOSESSİYA
# 27 fevral 2014 19:25 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında Xocalı soyqırımın 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın “Azimut Moskva Olimpik” otelində keçirilən tədbir Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil olunub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev, Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirin iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxışında artıq 22 ildir ki, Qarabağ münaqişəsinin ən qanlı və dəhşətli səhifələrindən birinin qurbanlarının xatirəsini yad olunduğunu bildirib. O, 1992-ci ilin fevral gecəsi baş verən dəhşətli hadisələrə dünya ictimaiyyəti tərəfindən hüquqi və mənəvi qiymətin verilməsinin vacibliyini vurğulayıb.

“Xocalıya ədalət” kampaniyası barədə danışan Leyla Əliyeva bu kampaniyanın 5 il bundan qabaq Moskvada başladığını söyləyib: “Kampaniyanın əsas məqsədi Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bu 5 ildə dünyanın 70 ölkəsində müxtəlif dinlərə və mədəniyyətlərə malik insanlar Xocalı soyqırımın haqq səsinə səs veriblər. Əlbəttə ki, biz bu gün nə eləsək də, Xocalıda həlak olmuş günahsız insanların həyatlarını qaytara bilmərik. Bu 5 il ərzində “Xocalıya ədalət“ kampaniyası çərçivəsində çox böyük işlər görülüb və nəticələr əldə edilib. 70-dən çox ölkədə hər il Xocalı soyqırımı ilə bağlı konfranslar, seminarlar və sərgilər keçirilib. justiceforkhojaly.org saytı beş dildə fəaliyyət göstərir. Bu gün “Xocalıya ədalət” kampaniyasının çağırışları BMT, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Konfransı Təşkilatının tribunalarından səslənir. Və bu çağırış cavabsız qalmayıb. Bu kampaniyanın fəaliyyəti nəticəsində 6 ölkənin parlamenti və ABŞ-ın 14 ştatı Xocalı hadisələrini soyqırımı aktı kimi tanıyıb. Bir neçə gün əvvəl İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 53 ölkələnin parlamenti Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul ediblər. Ankara, Haaqa, Mexiko, Sarayevo kimi şəhərlərrdə Xocalı soyqırımının qurbanlarına abidə ucaldılıb. Müntəzəm olaraq Xocalı soyqırımı ilə bağlı kitablar yazılır, sənədli filmlər çəkilir. Belə filmlərdən bir də “Cəhənnəmi görmüş pilot” filmidir. Filmin qəhrəmanı, pilot Leonid Kravets bu gün bizimlə birlikdə bu tədbirdə iştirak edir. Mən, Leonid Kravetsə 1992-ci ildə günahsız insanların həyatını xilas edərkən göstərdiyi şücaətə görə təşəkkürümü bildirmək istəyirəm”.

Leyla Əliyeva bildirib ki, bu gündən “Xocalıya ədalət” kampaniyasının fəaliyyətinin yeni mərhələsi başlanır: “Biz, əldə olunmuş nəticələrlə kifayətlənmək istəmirik. Qarşıda görəcəyimiz işlər, layihələr və aksiyalar çoxdur. İnanıram ki, ildən ilə dünyanın daha çox ölkəsi Xocalı hadisələrini soyqırımı aktı kimi tanıyacaq. Tezliklə dünya ictimiayyəti bu faciəyə hüquqi qiymət verəcək.

Bu gün Azərbaycan müstəqil, müasir və güclü dövlətdir. Dünya Azərbaycanın bütün sahələrdə olan inkişafına və uğurlarına heyran qalıb. Azərbaycan bugün regionun lider ölkəsidir. İnanıram ki, tezliklə işğal altında olan torpaqlarımız azad olunacaq və məcburi köçkünlərimiz öz evlərinə qayıdacaqlar”.

Çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, Xocalıda baş verənləri bütün Azərbaycan xalqı anır: “Hər bir azərbaycanlı bu faciəvi hadisədən ibrət dərsi götürməlidir. Xocalıda bu soyqırım baş verən zaman dünya elə bil ki, gözlərini yummuşdu, baş verənləri görmək istəmirdi. Azərbaycan dünyaya haqq səsini yaymaq üçün bu illər ərzində əlindən gələni edir. Leyla Əliyevanın rəhbərliyi altında keçirilən “Xocalıya ədalət” kampaniyasının nəticələri artıq göz qabağındadır. Dünyanın bir neçə ölkəsi artıq Xocalı hadisələrini soyqırımı aktı kimi tanıyır. Bu fəaliyyətinə görə Leyla Əliyevaya təşəkkürümü bildirirəm. Ümid edirəm ki, dünya gec-tez Xocalının və xocalıların hayqıran səsini eşidəcək. Biz elə etməliyik ki, gələcək nəsil Xocalıda baş verənləri unutmasın”.

Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Məmmədbağır Əliyev Xocalı faciəsinin dünya tarixində ən qanlı soyqırım olduğunu söyləyib. Diaspor rəhbəri dünya ictimaiyyətinin faciə haqqında məlumatlandırılması istiqamətində Azərbaycan rəhbərliyi mühüm işlər gördüyünü bildirib: “ Xocalı faciəsi bütün dünya azərbaycanlıları üçün sadəcə konkret bir gündə baş verən faciə deyil. Bu faciə 20 fazi torpaq işğalı ilə nəticələnən Azərbaycan ərazisində baş verən qanlı müharibənin simvoludur. Bu tarixi bir faktdır. Çoxlu deklarasiyalar ilə öz təsdiqini tapmış bir tarixi faktdır”.

Diaspor rəhbəri onu da bildirib ki, Ümumrusiya Azərbaycan Konqresi diaspor təşkilatı olaraq hər il Rusiyanın demək olar ki, bütün regionlarında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirir: “ “Xocalıya ədalət” kampaniyası dünyanın bir sıra ölkələri ilə yanaşı, dünyanın ən böyük ölkəsi olan Rusiyada da keçirilir. Bu, çox cəsur və siyasi layihədir. Rusiya özü də Xocalı hadisələrində iştirak edib. Bu günə qədər Rusiyanın Xocalı hadisələrinə bir mənalı münasibəti olmayıb. 5 il bundan qabaq Leyla Əliyevanın başladığı addım çox cəsur siyasi bir addım idi. Buna görə mən, Leyla Əliyevaya təşəkkürümü bildirirəm”.

İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov 5 il müddətində “Xocalıya ədalət” kompaniyası çərcivəsində görülən işlərin hesabatı ilə çıxış edərək qarşıda görüləcək işlərdən danışıb.

Rusiya Yəhudi Dini İcmaları Təşkilatları Konqresinin vitse-prezidenti Zinoviy Koqanı 1992-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamı pisləyib.

“Çəhənnəmi görmüş pilot” filminin qəhrəmanı, mayor Leonid Kravets çıxışındda 1992-ci ilin 26 fevral gününü xatırlayıb. O, faciə gecəsinin səhəri günü helikopterdən gördüklərinin insanlığa qarşı törədilmiş amansız cinayət olduğunu bildirib.

Tədbirin sonunda “Cəhənnəmi görmüş pilot” adlı sənədli film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR