Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsəri özbək dilinə tərcümə olunub

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsəri özbək dilinə tərcümə olunub
# 09 dekabr 2013 13:07 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsəri özbək dilinə tərcümə olunub.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində Özbəkistanın tanınmış elm və mədəniyyət xadimləri, Daşkənddəki ali məktəblərin tələbələri iştirak ediblər.

Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvinin yaradıcılığı haqqında məruzə ilə çıxış edib və özbək dilinə tərcümə olunmuş “Maan-ul-Asror” kitabının Özbək oxucuları üçün maraqlı olacağını qeyd edib. Tədbirdə Nizami yaradıcılığına aid qısa sənədli film göstərilib, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan stendlərdə Nizami Gəncəvinin əsərlərindən çəkilmiş miniatürlər nümayiş etdirilib.

Qeyd edək ki, kitab adı çəkilən mərkəzin maliyyə dəstəyi ilə çap olunub. Nəşrin tərcüməçisi alim Olimcan Buriyev, ön sözün müəllifi akademik Əziz Kayumovdur. “Sirlər xəzinəsi” Özbəkistanın aparıcı kitabxanalarına, elmi tədqiqat və təhsil müəssisələrinə hədiyyə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR