İran prezidenti yenə də hökumətini tam formalaşdıra bilməyib

İran prezidenti yenə də hökumətini tam formalaşdıra bilməyib
# 28 oktyabr 2013 06:49 (UTC +04:00)

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, İran prezidenti Rza Fərəcidananı elm, tədqiqat və texnologiya naziri, Əli Əsğər Fanini məktəbəqədər təhsil, təlim və tərbiyə naziri, Seyid Rza Salehi Əmirini isə idman və gənclər naziri postlarına təqdim edib.

Ancaq İran parlamenti növbəti dəfə H. Ruhaniyə hökuməti tam formalaşdırmağa imkan verməyib, namizədlərdən yalnız ikisinə etimad göstərib.

Belə ki, R. Fərəcidana 109 nəfər lehinə, 70 nəfər əleyhinə və 32 nəfər bitərəf qalmaqla elm, tədqiqat və texnologiya naziri olub. Əli Əsğər Fani də 185 nəfər lehinə, 153 nəfər əleyhinə və 24 nəfər bitərəf qalmaqla məktəbəqədər təhsil, təlim və tərbiyə naziri seçilib. Lakin millət vəkilləri Seyid Rza Salehi Əmiriyə etimad göstərməyiblər. Belə ki, 107 nəfərin lehinə, 141 nəfərin əleyhinə və 13 nəfərin bitərəf qalması onun idman və gənclər naziri olmasına imkan verməyib. İran prezidenti oktyabrın 30-dək bu vəzifəyə yeni namizədini təqdim etməlidir.

Qeyd edək ki, İran parlamenti avqustun 15-də H. Ruhaninin nazir postlarına təklif etdiyi 18 nəfərin səlahiyyətini səsə qoyub. Deputatlar 15 nəfərə etimad göstərsə də, Cəfər Mili Münfərid (elm, tədqiqat və texnologiya naziri vəzifəsinə namizəd), Məhəmmədəli Nəcəfi (məktəbəqədər təhsil, təlim və tərbiyə naziri postuna namizəd) və Məsud Sultanifərdə (idman və gənclər naziri vəzifəsinə namizəd) səs verməyib. Hazırda M. Nəcəfi İranın vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR