Avropa Komissiyası Rusiyadan Litva mallarının gücləndirilmiş yoxlanılmasının səbəbini izah etməyi tələb edib

Avropa Komissiyası Rusiyadan Litva mallarının gücləndirilmiş yoxlanılmasının səbəbini izah etməyi tələb edib
# 09 oktyabr 2013 03:36 (UTC +04:00)

Bakı-APA. Avropa Komissiyası Rusiyadan Litvadan gələn yük maşınlarının sərhəddə gücləndirilmiş yoxlanılmasının səbəbini izah etməyi tələb edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ticarət məsələləri üzrə Avropa komissarı Karel De Qüxt Avropa Parlamentinin sessiyasında deputatların suallarını cavablandırarkən bildirib.

“Litva hakimiyyəti Rusiyanın bu ilin sentyabrın 12-dən Litva mallarına nəzarəti sərtləşdirməsi barədə Komissiyanı məlumatlandırıb”, deyə o qeyd edib. Karel De Qüxt bildirib ki, “Avropa Komissiyası məsələ ilə bağlı dərhal Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə və Federal Gömrük Xidmətinə məktub göndərib. Məktubda qeyd olunub ki, görülən tədbirlərin qanuniliyi və məqsədəuyğunluğu Brüsseldə böyük suallar doğurur”.

“Biz Rusiya hakimiyyətindən bu məhdudiyyətlərin səbəbini açıqlamağını xahiş etdik və onları ləğv etməyə çağırdıq. Sorğuya hələ də heç bir cavab verilməyib”, deyə Avropa komissarı bildirib.

Onun sözlərinə görə, hazırda Avropa Komissiyası bu tədbirlərin Rusiyanın da üzv olduğu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) müddəalarına uyğunluğunu yoxlayır. “Bu mövzu, ÜTT razılaşmalarının pozulması faktı kimi, oktyabrın 18-də Cenevrədə keçiriləcək ÜTT-nin ticarət üzrə Şurasının növbəti iclasının gündəliyinə salınacaq”, deyə Karel De Qüxt qeyd edib.

Hesablamalara görə, Rusiyanın Litvadan gələn malların sərhəddə gücləndirilmiş yoxlaması səbəbindən Litva şirkətləri hər gün 2 mln. avro itirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR