Bəzi siyasi partiyalar Azərbaycan İslam Partiyasının Milli Şura ilə bağlı mövqeyini müsbət qarşılayıb

Bəzi siyasi partiyalar Azərbaycan İslam Partiyasının Milli Şura ilə bağlı mövqeyini müsbət qarşılayıb
# 25 iyul 2013 15:37 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə partiya sədrləri AİP-in qərargahında “Qüds Günü” ilə bağlı keçirilən tədbirdə öz mövqelərini bəyan ediblər.

VİP sədri Əli Əliyev bildirib ki, Milli Şura Rusiyanın layihələrindən biridir və İslam Partiyasının da bu layihədə yer alması yolverilməz olardı: “Əgər dünən partiya sədrinin Milli Şura ilə bağlı açıqlaması olmasaydı, mən bu tədbirdə iştirak etməyəcəkdim. Amma sizin partiyanın Milli Şuradan çıxması təqdirəlayiq haldır. Çünki özündə İslami dəyərləri birləşdirən bir partiya hansısa dövlətin Azərbaycana qarşı layihəsində yer almamalıdır”.

ADP sədri Sərdar Cəlaloğlu Milli Şuranın demokratik dəyərlərlə formalaşmadığını vurğulayıb. Onun sözlərinə görə, İslam Partiyasının bəzi üzvlərinin Milli Şurada təmsil olunması İslam Partiyasının Milli Şuranı dəstəkləməsi kimi qəbul edilə bilməz: “Bu baxımdan partiya sədri Mövsüm Səmədovun bəyanatı və seçkilərdə iştirak niyyəti bütün bunlara aydınlıq gətirdi”.

Yaşıllar Partiyasının sədri Mayis Güləliyev qeyd edib ki, Yaşıllar və digər siyasi partiyalar həmişə İslam Partiyasının yanında olub: “Təəssüf ki, sizin tərəfdaş olduğunuz Milli Şuraya daxil olan partiyalardan isə heç kim sizin bugünkü tədbirinizə qatılmayıb. Əlbəttə yaxşı olardı ki, onlar da iştirak etsin və Qüdslə bağlı öz fikirlərini bildirsinlər. Amma mən əminəm ki, onlar bu məsələ ilə bağlı susmağa daha çox üstünlük verəcəklər. O şey ki, ABŞ və İsrailin maraqlarına toxunur, onlar o haqda heç nə deməzlər. Bu onu bir daha sübut edir ki, Azərbaycanda özünü ciddi və ya aparıcı siyasi qurumlar adlandıranlar əslində cəmiyyətə birbaşa aidiyyəti olan problemlərə heç bir reaksiya vermirlər. Belə olan halda, yəni həqiqəti müdafiə etməməklə cəmiyyətdə demokratiya bərpa etmək olmaz”.

Qeyd edək ki, hazırda həbsdə olan AİP sədri Mövsüm Səmədov partiyasının Milli Şurada iştirakın mümkünsüzlüyü və partiya tərəfindən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR